“Anar Bayramov dedi ki, bizim vaxtımızda bir inəklə 9 baş ailəni saxlayırdılar” - Qazi


Göyçay rayon sakini Mahmudov Mətləb Arzu oğlu ona əlilliyin təyin olunmadığını iddia edir.
Bu barədə Yeniavaz.com-a müraciət edən qazi bildirib ki, o, 2012-ci il-də ermənilərin törətdiyi təxribat zamanı yaralanıb:
“Mən 2012-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmışam. Həmin il 5 iyunda düşmən təxribat törədərək Ermənistanla həmsərhəd olan Quşçu Ayrım kəndində yerləşən mövqelərimizə hücum edib. Hücum zamanı 5 döyüş yoldaşım şəhid oldu. 2 nəfər sağ qaldıq. Biri beynindən travma almışdı, biri də mən, ayaqlarımdan yaralanmışdım. Yaralı halda tək başına ermənilərlə döyüşürdüm”.
O bildirir ki, son müayinələrdən sonra ona əlillik təyin olunmayıb:
“Necə olur ki, çəliklə hərəkət edirəm, ayağımda problemlər var, mənə əlillik təyin olunmur? Mənə dedilər ki, dəyişilən qanuna əsasən, belə təyin olunur. Hətta mənim iki ayağım tutulmuş olsa belə, qanun bunu tələb edir. Əlillik təyin olunması üçün, gərək ayağım dibindən kəsilə”.
Qazi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sədri Anar Bayramovun da qəbulunda olduğunu deyir:
“Mən Anar Bayramovun qəbulunda da olmuşam. Məndən soruşdu: “Dövlət Məşğulluq Agentliyinə müraciət etmisən?”. Dedim, bəli. Lakin heç bir təyinat aparılmayıb, heyvan ayrılmalı idi, ayrılmayıb. Mənə dedi ki, camaat bizim vaxtımızda bir inəklə 9 baş ailəni saxlayırdı. Belə bir məmurdan, mən hansı təyinat gözləyə bilərəm?! Vətən üçün döyüşdüm, sağlamlığımı itirdim, dövlət isə mənə bir inək ayırır ki, get ailəni saxla. Məni anlamaq üçün, gərək mənim vəziyyətimdə olasan”.
Xidmətin rəsmisi Tural Qurbanov vətəndaşın Anar Bayramovla bağlı idddialarına cavab olaraq bunları dedi:
“Vətəndaşın fikrinə hörmətlə yanaşırıq. Əmin olsun ki, hamı kimi bu vətəndaşa da həssaslıqla yanaşılıb”.
Müraciətlə əlaqədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən Yeniavaz.com-a bildirildi ki, vətəndaş həkim ekspertləri tərəfindən əyani müayinə dəvət edilib və onun hazırkı vəziyyəti qiymətləndirilib:
“Həm əyani müayinə, həm də aidiyyatı qurumlar tərəfindən təqdim edilən sənədə əsasən müəyyən edilib ki, vətəndaşın hazırkı vəziyyəti əlillik səviyyəsində deyil. Bu baxımdan qanunvericiliyə uyğun olaraq M.Mahmudova imtina qərarı verilib. Bir daha bildiririk ki, əlillik təyinatı qanunvericiliklə tənzimlənir və yalnız təsdiq edilmiş normalara uyğun gəldiyi halda təyin edilir”.
Dövlət Məşğulluq Agentliyinindən isə qazinin müraciətinə baxıldığı və müvafiq prosedurların görüldüyü bildirilib:
“Göyçay rayon 2-ci Ərəbcəbirli kənd sakini, qazi Mahmudov Mətləb Arzu oğlunun müraciəti ilə bağlı bildiririk ki, vətəndaş Dövlət Məşğulluq Agentliyi tərəfindən öz istəyi əsasında heyvandarlıq təsərrüfatı üzrə özünüməşğulluq proqramına cəlb edilib. Vətəndaş 27.09.2021-ci il tarixdə proqram çərçivəsində təlimlərə cəlb olunub və 01.10.2021-ci il tarixdə qiymətləndirmədən uğurla keçib. Yaxın zamanda Mətləb Mahmudova aktivlər təqdim ediləcək və onun üçün təsərrüfat qurulacaq”.
Dövlət Sosial Müdafiə Fondundan isə bildirildi ki, qaziyə əlillik təyin olunmadığı halda Fond tərəfindən ona ünvanlı dövlət sosial yardımı verilmir.

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top