
Meksikanın cənubunda qeyri-qanuni yolla miqrantları daşıyan yük maşınının magistral yolda aşması 53 insanın ölümünə, 60-a yaxın insanın yaralanmasına səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadan xəbər verir ki, bu barədə Meksika Baş Prokurorluğundan məlumat verilib. Açıqlamada deyilir ki, Mərkəzi Amerikanın bir neçə ölkəsinin yerli sakinlərinin olduğu qoşqulu yük maşını istinad divarına çırpılaraq aşıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador həlak olan əcnəbilərin ailələrinə və yaxınlarına başsağlığı verib və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.
İlkin məlumatlara görə, Qvatemala və Hondurasdan olan miqrantlar ABŞ-a getmək niyyətində olublar. Qvatemala prezidenti Alexandro Qiammattei bildirib ki, o həlak olan qvatemalıların cəsədlərinin vətənə qaytarılmasına kömək etməyə hazırdır.
Meksika Baş Prokurorluğunda qəza ilə əlaqədar araşdırma başladılıb.

