Nazir Heydər Əliyevin qələmini "oğurlamışdı"... - FOTO

Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində keçmiş rabitə naziri Siruz Abbasbəyli “Yeni Azərbaycan” qəzetinin qonağı olub və ulu öndərlə bağlı maraqlı xatirəsini danışıb.
Yeniavaz.com
həmin yazını təqdim edir:

"Nazir işlədiyim vaxt xarici səfərlərə gedəndə mənə müxtəlif hədiyyələr verirdilər. Albom, bloknot, kitab və s. Bu, xarici ölkələrdə dəbdir. Mən də təklif etdim ki, cənab Prezident, mən istəyirəm Sizə 100 ədəd qələm düzəldim, imza və adınızı yazın, mən onların üzərində çap etdirəcəyəm. Soruşdu ki, neyləyəcəyik onu? Dedim, hədiyyə verərsiniz, jurnalistlər, müxtəlif qonaqlar gəlir, onlara qutunun içində gözəl qələm hədiyyə edərsiniz.  Dedi, hə, nə olar ki, mən imzamı verərəm. Sonra köməkçisi Tariyel mənə zəng etdi ki, Heydər Əliyev adını və imzasını yazıb, sürücünü göndər, gəlsin aparsın. Götürdüm, getdim İsrailə, 100 ədəd qələm sifariş verdim. Bunları gətirəndə baxdım, gördüm ki, xoşuma gəldi, birini götürdüm, saxladım stolumun üstündə, düşündüm ki, mən sifariş vermişəm də, nə olar ki. Apardım 99 ədədini verdim. Mən də saymadım, o da saymadı. Axşamüstü Tariyel mənə zəng etdi, dedi, cənab Prezident danışır, hazırsan? Dedim, hazıram, nə məsələdir? Birləşdirdi. Heydər Əliyev soruşdu: “Sən mənə neçə dənə qələm gətirmisən?” Dedim, 100 dənə qələm idi, onun bir dənəsini götürdüm, 99-nu sizə vermişəm. “Onu gətir mənə”. Dedim, baş üstə. Dəstəyi qoydu yerə. Fikirləşdim ki, onu neynir görəsən. Nə isə. Götürdüm, gəldim. Tariyelə dedim, bunu istəyir, apar ver. Dedi, yox, özün apar ver, mən verə bilmərəm. Tariyel də çox təmkinli, ağıllı, Heydər Əliyevin xasiyyətini dəqiq bilən köməkçi idi. Gəldim, girdim içəri. Baxdı, eynəyini çıxartdı, qoydu masaya, dedi, onu ver mənə. Verdim. Qələmə baxdı, cibindən ağ dəsmal çıxartdı, qələmi açıb, ucluğunu sildi, baxdı ki, işlətməmişəm. Dedim, dünən götürmüşəm, hələ işlətməmişəm. Bağladı, dedi, sən bunu götürmüsən. Yəni mədəni formada, oğurlamısan dedi. Dedim, cənab Prezident, mən fikirləşdim ki, 100 dənə qələmdir, birini də mən götürüm. “Yox, sən düzgün iş görməmisən. Sən dedin ki, qələmləri Sizə verirəm, Sizin yanınıza gələnlərə hədiyyə eləyəsiniz. Mən bunu sənə hədiyyə eləmişəm?” Dedim, xeyr. “Bəs niyə götürmüsən?” Dedim, bağışlayın, səhv eləmişəm. “Yaxşı, gedə bilərsən”. Pis oldum. Gedib qapıya çatdım. Qapını açanda... “Dayan, gəl bura” dedi. Yaxınlaşdım. “Bax, indi bu qələmi sənə verirəm. Bu oldu artıq normal, mən sənə qələm hədiyyə etdim. Sən bunu oğurlamışdın.

Qələm indi də məndədir".

DİGƏR XƏBƏRLƏR

Top