Sosial layihə adı altında aztəminatlı tələbələrə qarşı dələduzluq edilir? - İDDİA


Azərbaycanda fəaliyyət göstərən Diplomatiya Məktəbinin (School of Diplomacy) sosial layihə adı altında aztəminatlı tələbələrə qarşı dələduzluq etməsi ilə əlaqədar sosial şəbəkələrdə iddialar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mürsəl Mürsəlli adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” profilində yazıb.
O bildirib ki, Azərbaycan Diplomatiya Məktəbi insanları “qanuni şəkildə” aldadır:
“İşin pis tərəfi onların bu proseslərdə qanunilik göstərməsidir. Tələbələrə yardım aksiyasında (“Gücümüz Həmrəyliyimizdir”) qeydiyyata düşmək istəyən hər kəs ödəniş edir, müqavilə imzalayır. Misal üçün tələbə 39 manat ödəyir və qeydiyyata düşür. Düşünək ki, 39 manat ödəyib qeydiyyata düşən 1000 tələbədən 10-11 nəfərin illik təhsil haqqının yarısı ödənir (ödənişlərdə daha çox təhsil haqqı aşağıdır deyə kolleclər seçilir). Bu da etsin təxminən 7-8 min manat. Bəs yerdə qalan pul hara gedir?”
İstifadəçi eyni halla ötən il də qarşılaşdığını deyir:
“Şirkət “Instagram”, “Facebook” hesablarında etiraz rəylərini silir, etiraz edənləri məhkəmə ilə hədələyir. Bu məsələ haqqında  keçən il paylaşım etmişdim, bir çox tələbəni fikrindən daşındırmışdıq”.
Səslənən iddialarla bağlı şirkətin rəsmi saytında və sosial şəbəkə hesablarında qeyd olunan telefon nömrələri ilə əlaqə saxlamağa çalışdıq. Lakin nömrələrin bir çoxu təyin edilməmişdi, digərlərinə isə cavab verilmədi.

DİGƏR XƏBƏRLƏR

Top