Rəsmi açıqlama niyə gec verildi? - General izah etdi


DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov noyabrın 30-da baş verən helikopter qəzası ilə bağlı rəsmi məlumatın niyə hadisədən saatlar sonra açıqlandığının səbəbini aydınlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, general-mayor bu barədə haqqın.az-a verdiyi müsahibədə danışıb:
“Biz baş verənlərlə bağlı KİV-lərin maksimum qısa vaxtda məlumat əldə etmək istəyinə anlayış ilə yanaşırıq.  Ancaq gəlin faktlara nəzər salaq.  Helikopter qəzası saat 10:36-da baş verib. Hadisə yerinə çatmaq üçün heç olmasa bir saat vaxt lazımdır, bunu oraya gedən jurnalistlər də  təsdiqləyərlər.  Bunu nəzərə alaraq, razılaşın ki, saytımızda  saat 12:11-də Baş prokurorluqla birlikdə tərtib olunmuş ilkin informasiyanın yerləşdirilməsini hadisəyə yetərincə operativ reaksiya saymaq olar. O ki qaldı həlak olanların siyahısının dərcinə, burada ilk olaraq onların ailələrinin, yaxınlarının xəbərdar edilməsinin zəruriliyini, kədərli xəbərə hazırlaşdırılmasını nəzərə almaq gərəkdir. Unutmaq olmaz ki, yaxın adamın ölümü haqda KİV-dən səhv və ya qeyri-səhih məlumat almaq onlara əlavə olaraq böyük mənəvi-psixoloji zərbə vurardı”.
General-mayor Elçin İbrahimov həmçinin Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində baş vermiş partlayışı misal çəkib. O bildirib ki, ilk növbədə həlak olanların və yaralıların şəxsiyyəti dəqiqləşdirilməlidir.
““Listvyajnaya” kömür mədənində baş vermiş partlayışda 52  mədənçinin ölümü elan olunandan bir müddət sonra 1 mədənçi xilas edildi.  Əgər biz tələsərək heikopterdəki şəxsi heyətin hamısının həlak olduğunu elan etsəydik, zabitlərimizin doğmalarının və yaxınlarının hansı əzablardan keçə biləcəyini təsəvvür etmək çətindir. Bunları nəzərə alaraq, zabitlərin doğmaları və yaxınları hadisədən xəbərdar edildikdən dərhal sonra saat 16:00-da, yəni faciədən 5 saat sonra həlak olanların və yaralıların siyahısı rəsmi şəkildə KİV-ə təqdim olundu”.

DİGƏR XƏBƏRLƏR

Top