"Şagirdin özü də, anası da psixoloji cəhətdən qüsurludur" - AÇIQLAMA + YENİLƏNİB


Paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata əsasən, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür.
282 nömrəli tam orta məktəbdən verilən açıqlamaya görə, 7-ci sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir.
Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib.
Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir.

***09:56

Sosial şəbəkədə Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsilə bağlı məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı məlumat paylaşıb. Onun sözlərinə görə, məktəbin 7-ci sinfində təhsil alan şagird sinifdə şalvarını çıxarır, qızları küçə söyüşləri ilə təhqir edir, müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir. Valideynlər polisə müraciət etsələr də, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir:
“Polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Təhsil naziri də, daxili işlər naziri də ondan sonra açıqlama verəcəklər”.
​​​​​​​DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə reaksiya verib. O bildirib ki, 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir: “Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top