Saleh Rüstəmli quru aclığa başlayıb – Vəkilindən AÇIQLAMA


Gədəbəyin həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmli 31 gündür ki, aclıq aksiyası keçirir.
Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov onun son vəziyyəti ilə bağlı Yeniavaz.com-a danışıb.
Vəkil bildirib ki, Saleh Rüstəmlinin vəziyyəti daha pisdir:
“Onu ən son bu gün səhər görmüşəm. Artıq quru aclıq etdiyindən vəziyyəti daha da pisləşib”.
B.Bayramov Amnistiya Aktının S.Rüstəmliyə şamil olunub-olunmamasına da münasibət bildirib:
“Qanunvericilikdə ağır cinayət törədənlərə Amnistiya Aktı yalnız cəzasının 6 ayı qaldıqda şamil edilir. Saleh Rüstəmlinin isə daha çox cəza çəkmə müddəti qalıb. Ona görə cari akt ona şamil olunmayacaq”.
Vəkil  bildirdi ki, S.Rüstəmliyə yönəldilən ittihamların əsassız olduğuna dair əllərində sübutlar da var:
“Saleh Rüstəmlinin bir neçə banka külli miqdarda borcu var. Bundan əlavə yaşadığı mənzildən belə gəlir əldə etmək üçün istifadə edir. Belə vəziyyətdə olan bir şəxs necə çirkli pulların yuyulmasında ittiham oluna bilər?!”.
B.Bayramov həmçinin bildirdi ki, S.Rüstəmlinin səhhəti ilə əlaqədar azadlığa buraxılması ilə bağlı Nizami Rayon Məhkəməsinə rəsmi ərizə təqdim ediblər. Lakin ərizəyə baxılıb-baxılması ilə bağlı heç bir məlumatı yoxdur.
Qeyd edək ki, qanunsuz sahibkarlıq, pul vəsaitlərini qanunsuz leqallaşdırma və digər maddələrlə təqsirləndirilən Saleh Rüstəmli 28 fevral 2019-cu ildə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 1-də onun azadlığa buraxılması tələbilə Bakının mərkəzində etiraz aksiyası keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top