“Mənə ailəsinə baxmağı tapşırdı, bilirdi ki, qayıtmayacaq” - FOTOLAR


Xəqani Kamran oğlu Nəsirov 1982-ci il 29 iyunda Xankəndi şəhərində dünyaya göz açıb. Mənfur düşmən onun ata–baba yurdunu işğal etdikdən sonra ailəsi ilə məcburi köçkün həyatı yaşayıb. Bir müddət Naftalan şəhərində, daha sonra Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıblar. Kiçik yaşlarından hərbi sahəyə marağı, vətən torpaqlarını işğaldan azad etmək arzusu onu MAXE olaraq ordu sırlarında xidmət etməyə həvəsləndirib. 7 il hərbidə qüsursuz xidməti ilə seçilib. O, Vətən müharibəsi başlayanda isə Talış-Suqovuşan istiqamətindən döyüşlərə qatılıb. Hərbçi yoldaşları ilə düşmənin bir neçə postunu, texnika və canlı qüvvəsini məhv edib.
Yeniavaz.com
xəbər verir ki, Xəqani Nəsirovun atası Kamran Nəsirovun sözlərinə görə, Xəqani axırıncı dəfə uşaqlarından muğayət olmaqlarını demək üçün ailəsinə zəng edib:
“ Xəqani həmçinin irəliyə doğru getdiklərini və Talış istiqamətində bəzi postları aldıqlarını da dedi. Onun dostlarının sözlərinə görə, PDM (Piyadanın döyüş maşını) getdikcə o da əli ilə hücum işarəsi verirdi və bu zaman anidən snayperlə onu vurublar”.
Şəhidin anası Şəfaqət Rəhimova bildirib ki, "Vətən" sözü heç zaman oğlunun dilindən düşmürdü:
“Deyirdim, ay Xəqani, özünü qoru. O isə heç nə olmadığını deyirdi. Bizə ürək-dirək verirdi. Mənə ancaq “balalarımı oxut, ali təhsilli elə” sözlərini deyirdi. Arzusu Şuşaya və Ağdama getmək idi. Axı orada, yəni Xankəndində anadan olmuşdu. Allah bütün şəhidlərə rəhmət eləsin”.
Şəhidin dayısı Fuad Məhərrəmov Xəqani ilə fəxr etdiyini bildirib:
“Həmişə çalışırdı ki, vətən üçün vuruşsun, vətən üçün can versin. Ona ən şərəfli ölüm şəhidlik qismət oldu. O, bilirdi ki, geri qayıtmayacaq və mənə ailəsinə, ana və bacıma yaxşı baxmağımı tapşırdı. Bizim burda olmamığımızın səbəbkarı şəhidlərdi. Allah hamısına rəhmət eləsin”.
Qeyd edək ki, Xəqani Nəsirov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. O, 1 qız və1 oğul atası idi.
Şəhadətindən sonra Xəqani Nəsirov "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Esmira Hidayətova,Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top