Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında gərginlik yaşanıb


Milli Şuranın üzvü Tofiq Yaqublunun dekabrın 1-də Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı təşkil edilən aksiyada döyülməsi ətrafında müzakirələr səngimir.
Yeniavaz.com
xəbər verir ki, REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də məsələyə öz münasibətini bildirib.
O, “Facebook”da yazdığı statusda T. Yaqubluya qarşı atılan bu addımın cinayət olduğunu deyib:
“Tofiq Yaqubluya qarşı edilən cinayətdir, dövlət adına ləkədir. Hakimiyyətin ağıllı siyasəti olsa bunu özü araşdırar, dünənki aksiyanın bütün “kodlarını” açar, cəzasını kəsər, amma etməyəcəklər. Çünki həqiqət üzə çıxsa, çox adamlar şok olar, “poqonlara” bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən istifadə edənlərin də iç üzü açılar”.
N.Cəfərlinin T.Yaqublunun siyasi fəaliyyəti ilə bağlı səsləndirdiyi fikir sosial şəbəkələrdə etiraza və müzakirələrə səbəb olub. Bu fikrinə görə, REAL üzvü sərt tənqidə məruz qalıb.
T.Yaqublu də N.Cəfərlinin fikirləri ilə bağlı feysbukda status yazıb:
“Guya ki, mənə qarşı yırtıcı hücumu pisləyir. Deyir ki, bu cinayəti hansısa poqonlu “təxribatçılar” ediblər. Elə həmin statusda “Tofiq Yaqublu siyasətçi deyil” deyərək, guya məni aşağılayır”.
N. Cəfərli isə son olaraq bu mövzuda  status paylaşaraq sözügedən fikirlərinə görə onun qəsdən AXCP rəhbərliyinin göstərişi ilə sosial şəbəkədə söyüldüyünü iddia edib. Buna görə qəzəblənən REAL üzvü həmin şəxslərə son xəbərdarlığını edib: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”.  Daha sonra isə onu təhqir edənlərin statuslarının şəklini paylaşıb. 
Xatırladaq ki, T. Yaqublunun döyülməsi barədə Daxili İşlər Nazirliyi dekabrın 1-də məlumat yayıb. Bildirilib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq.
Ötən gün isə T. Yaqublu ifadə vermək üçün Səbail Rayon Prokurorluğuna dəvət edilib.

DİGƏR XƏBƏRLƏR

Top