Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş...


Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrininin pilotu, polkovnik Zaur Nudirəliyevin döyüş zamanı hansı şəraitdə şəhid olduğu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İctimai TV”nin hazırladığı “Savaş şahini Zaur Nudirəliyev” adlı sənədli filmdə onun döyüş yoldaşları danışıb.
Sənədli filmdə çıxış edən şəhid pilotun döyüş yoldaşı polkovnik-leytenant Reyhun Fərmanov bildirib ki, Zaur Nudirəliyev düşmənin məhvetmə zonasına bilərəkdən girirdi:
“Oktyabrın 4-ü təxminən saat 12:15 radələri olardı, düşmənin hava hücumundan müdafiə vasitələrinin qoşulması haqqında kəşfiyyat məlumatı alan kimi, mən onun çağırışını çağırdım ki, məhvetmə zonasına girməsin. Amma Zaur uçuşunu davam etdirdi, bizi dinləmədi.
O qədər əzmli idi ki, çətin vəziyyətdə olan quru qoşunlarımızın qarşısı açılsın deyə, təyyarəsi ilə götürdüyü döyüş sursatlarını təyin olunmuş koordinata atdı və bizim istiqamətə dönüşünü yerinə yetirdi. Güman edirəm ki, çıxış zamanı düşmənin hava hücumundan müdafiə vasitələri ilə onun təyyarəsini zədələdilər. Biz onun təyyarəsini düşmənin artilleriya mövqeyinin içərisində tapdıq”.
Mayor Amil Babayev isə bildirib ki, Zaur Nudirəliyevin hətta katapultla təyyarəni tərk etmək imkanı olub: 
“Amma o, bunu etməyib. Təyyarəni düşmənin mövqeyinə çırpmışdı. Bu da insanın böyük ürək sahibi olduğunu sübut edir. Bundan böyük qəhrəmanlıq ola bilməz”.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 12 uçuş həyata keçirərək düşmənin dayaq məntəqələrini, canlı qüvvələrini məhv edib, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top