SOCAR-ın dənizdə itkin düşən əməkdaşının kimliyi açıqlandı - YENİLƏNİB


"Həmkarımız Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov feysbukda yazıb. O bildirib ki, axtarış işləri hazırda dayandırılıb:
"Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılmışdır. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.
Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, 1972-ci il təvəllüdlü, ailəlidir, iki oğlu var. Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm. Axtarış davam edir".

*** 2 dekabr, 23:35
Bu gün Neft daşlarında elektrik kimi çalışan əməkdaşlardan biri itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkədə paylaşım edib.

“SOCAR Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümü 1779 saylı estakadayanı meydançanın qazma üzrə elektriki iş yerindən yoxa çıxıb.

Səhər saat 05:30 radələrində buruq ustası onu iş başında görüb. Səhər saat 7-də briqada növbəni dəyişdikdə həmin adamın olmadığını və meydançanın bir tərəfində ona məxsus qoruyucu kaskanı aşkar ediblər”, - M.Qəhrəmanlı deyib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı saytımıza təsdiqləyib.

“Dünən səhər saatlarında Neft Daşlarında bir əməkdaşımız itkin düşüb. Axırıncı dəfə 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu və yataqxanada axtarış aparılıb, sahəyə axtarış işləri üçün dərhal bir neçə gəmi cəlb olunub”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top