Sərnişin daşıyıcılarına subsidiya bu şəkildə veriləcək - YENİLƏNİB


Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”na əsasən, sərnişinn daşıyıcılarına ödənilən subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25%-i qədər hesablanır.

Yeniavaz.com xəbər verir ki, ödəniş aşağıdakı məbləğlərdən çox olmamalıdır:

- müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7%-i qədər;

- müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3%-i qədər;

- müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5%-i qədər.

Subsidiya “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 4 yanvar 2021-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 30 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.


***18:21
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nı təsdiq edib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaşdırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya veriləcək.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir, subsidiya ödənilməsini Maliyyə Nazirliyi ilə birlikdə təmin etməli, bu barədə illik icmal hesabatını növbəti il fevralın 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan MR-nın Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 15 fevral 2022-ci il tarixinə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.

Naxçıvan MR-nın Nazirlər Kabineti isə bu qərarla müəyyən edilmiş müddəalar əsasında muxtar respublikada avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görməlidir.

DİGƏR XƏBƏRLƏR

Top