Lirə ucuzlaşır: Ərdoğan maliyyə nazirini işdən çıxardı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəzinə və maliyyə naziri Lütfi Elvanı vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, onu Nurəddin Nəbati əvəz edib.
Elvan 2020-ci ilin noyabrında əvvəllər bu vəzifədə çalışan Ərdoğanın kürəkəni Berat Albayrakın istefasından sonra Türkiyənin maliyyə naziri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə isə Türkiyə baş nazirinin müavini olub.
Nebati siyasi elmlər doktorudur, tekstil sektorunda bizneslə məşğul olub, nazir təyin olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəis müavini vəzifəsində çalışıb. O, uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirmək əzmində olduğunu bildirib.
Türkiyə Mərkəzi Bankının dekabrın ortalarında gözlənilən yeni uçot dərəcəsini endirməsi səbəbindən Türkiyə valyutasının məzənnəsi yenidən aşağı düşüb. Bundan sonra Türkiyə Mərkəzi Bankı birbaşa valyuta intervensiyaları həyata keçirdiyini açıqlayıb. Türkiyə valyutası bir il ərzində, demək olar ki, 40% ucuzlaşıb.
Qeyd edək ki, hazırda 1 AZN 7,95 lirə, 1 ABŞ dolları isə 13,51 lirədir.

DİGƏR XƏBƏRLƏR

Top