Azərbaycanın 3 nümayəndəsi EOC-un müxtəlif komissiyalarina üzv seçilib


Slovakiyanın Şamorin şəhərində Avropa Olimpiya Komitələrinin (EOC) 41-ci seminarında bir sıra əhəmiyyətli məsələlər müzakirə edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. MOK-un Marketinq Departamentinin rəhbəri Mehman Kərimovun iştirak etdiyi seminarda EOC-un İcraiyyə Komitəsinin iclası da keçirilib.
İcraiyyə Komitəsi növbəti dövr üçün 9 komissiya və 2 işçi qrupun yeni tərkibini təsdiq edib. Qərara əsasən, Azərbaycan MOK-un 3 əməkdaşı – Azər Əliyev Avropa Gənclər Yay Olimpiya Festivalı Komissiyası, Mehman Kərimov Marketinq Komissiyası, Anar Bağırov isə Avropa Birliyi və Beynəlxalq Əlaqələr Komissiyasının yeni üzvləri olaraq təsdiq edilib.
MOK-un 3 üzvünün EOC-un müxtəlif komissiyalarina üzv seçilməsi qurumun 29 illik tarixində bir ilkdir.
Seminar müddətində qitənin Milli Olimpiya Komitələri Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunları haqqında təqdimatı dinləyib, Pekin-2022 Qış Olimpiya Oyunları, Vuokatti-2022 Avropa Gənclər Olimpiya Festivalı, Banska Bıstrısa-2022 Yay Avropa Gənclər Olimpiya Festivalı və Krakov-2023 Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olaraq vacib bir sıra məsələlərə dair qeyd və təkliflərini verib.
Seminarda müzakirə olan mühüm sənədlərdən biri də EOC-un 2030-cu il üçün hazırladığı Strateji Gündəliyi olub.
Bundan əlavə, Milli Olimpiya Komitələri Avropa Birliyinin qrant proqramlarına müraciət, marketinq və sosial media texnikası, bu sahədə strateji planlaşdırma və uyğun mövzular üzrə maraqlı təqdimatlar ilə tanış olublar.

DİGƏR XƏBƏRLƏR

Top