Mingəçevirdə liseydə maarifləndirici tədbir keçirildi - FOTOLAR


Mingəçevir Şəhər Texniki Humanitar liseyində “Narkomaniya, erkən nikah və onun fəsadları” mövzusu barədə mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə liseyin müəllim kollektivi və 10-11 ci sinif şagirdləri, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, Təhsil şöbəsinin nümayəndəsi Zamik Cəbiyev və
Mingəçevir Şəhər Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova iştirak ediblər. Tədbirdə ilk olaraq liseyin direktoru Nailə Məmmədova çıxış edərək lisey haqqında məlumat verib. Daha sonra Mingəçevir polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər:
“Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”.
Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Digər polis əməkdaşı erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb.
Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova isə erkən nikahlar və onun fəsadları barədə məlumat verərək, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrdə sağlam həyat tərzi ilə bağlı böyük problemlər yarandığını bildirib:  
“Həmçinin bu hallar yeniyetmələri təhsildən də kənar salır. Yaranan fəsadlar hətta gələcəkdə cəmiyyətdə gedən inkişafa öz mənfi təsirini göstərə bilər”.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top