Vətən müharibəsi qazisi heç kimi xatırlamır - VİDEO + AÇIQLAMA


Sosial şəbəkələrdə Xüsusi Təyinatlı Qüvvələrin snayperi qazi Hüseyn Mustafayevin tibbi vəziyyəti ilə bağlı videogörüntülər və məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatda qazinin Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı olduğu bildirilir.
Qeyd olunur ki, qazinin yaddaşı gedib, heç kimi tanımır. Danışa, yemək yeyə, su içə bilmir. Bədənində çox sayda qəlpələr olub. Qəlpələr çıxarılanda sinirə toxunulub və nəticədə bu vəziyyətə düşüb.

Qazinin durumu ilə bağlı onun həyat yoldaşı Samirə Mustafayeva ilə danışdıq. O bildirdi ki, Hüseyn müalicəsi ilə əlaqədar “YAŞAT” Fondunun dəstəyilə bu ilin mart-iyun aylarında Türkiyədə olub. Müalicənin nəticəsi olmadığından Azərbaycana qaytarılıb. Hazırda yenə “YAŞAT” Fondunun dəstəyilə yerli hospitalların birində müalicəsi davam etdilir.
Samirə xanım bildirir ki, xəstənin tam sağlamlığına qovuşması üçün xarici ölkələrdə müalicənin olub-olmaması daha dərindən araşdırılmalıdır. O, “YAŞAT” Fondunun dəstəyindən narazı olmadığını qeyd edir. Lakin həyat yoldaşının tam sağalması üçün müəyyən addımların atılmasını istəyir.

Məsələ ilə bağlı Fondun rəsmisi Elnur Niftəliyev Yeniavaz.com-a açıqlama verib. O bildirib ki, yaralı baxım xəstəsidir:
“Yaralı Hüseyn Mustafayev İslam oğluna ölkə xaricində lazımi tibbi müdaxilə edilib. O, ailəsinin istəyinə əsasən  öncə “Yeditepe” xəstəxanası, sonra  isə “Anadolu” Sağlıq Mərkəzində müalicə almış və stabil vəziyyətə gətirilmişdir. Növbəti mərhələdə o, Romatem Fizioterapiya və Reabilitasiya Mərkəzinə yerləşdirilib. Ona 4 doz kök hüceyrə və “exasome” köçürülmüş və nəticə olaraq fizioloji vəziyyətində müəyyən irələyişlər əldə edilmişdir.
Həkim tərəfindən verilən rəyə əsasən yaralının hazırda hər hansısa bir cərrahi müdaxiləyə ehtiyacı yoxdur. Yaralı baxım xəstəsidir.
Gələcəkdə səhhəti ilə bağlı irələyiş yarandığı təqdirdə, həkim müdaxiləsi edilə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top