Paşinyan Soçi və Brüssel görüşlərindən danışıb


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel və Soçidə baş tutacaq görüşləri barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Facebook” canlı yayımında sualları cavablandırarkən bildirib.
Paşinyan bildirib ki, rəsmi İrəvan ATƏT-in Minsk qrupunun həmsədrlərinin də analoji görüşü təşkil edəcəyini gözləyir: “Dekabrın 15-də keçiriləcək iclas əslində yenilik deyil. Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel regiona yaz səfəri zamanı bu təşəbbüslə çıxış edib”.
Paşinyan qeyd edib ki, görüş hazırkı vəziyyətdən irəli gəlir. Onun fikrincə, vəziyyəti həll etmək və böhranlardan qaçmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında danışıqlar tez-tez aparılmalıdır.
Danışıqlarda Qarabağ məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı sualı şərh edən baş nazir qeyd edib ki, iki gündəliyi qarışdırmamağa çalışacaqlar: “Düşünürəm ki, Brüsseldəki mövzulardan biri də humanitar məsələlər, o cümlədən məhbuslarla bağlı məsələlər olacaq”.
Onun sözlərinə görə, istər müsbət, istərsə də mənfi hər bir konkret görüşdən gözlənti formalaşdırmaq düzgün deyil: "Regionda gərginlik qalmaqdadır və onların aradan qaldırılması üçün danışıqlar aparılmalıdır".
Baş nazir qeyd edib ki, daha bir görüş noyabrın 26-da Soçidə baş tutacaq. 
Xatırladaq ki, rəsmi Kreml Ermənistan hökumətinin başçısı Nikol Paşinyan, Rusiya və Azərbaycan prezidentlərinin noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüşü ilə bağlı məlumatı təsdiqləyib. Bundan əvvəl isə dekabrın 15-də Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin danışıqları barədə məlumat verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top