Ukrayna Azərbaycanlıları Radası UAGR gənclər təşkilatının rəhbərliyi və fəalları ilə görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, ilk olaraq UAGR sədri Vaqif Nağıyevi və təşkilat fəallarını salamlayan UAR baş katibi Ceyhun Məmmədov diaspor siyasətində gənclərin rolundan danışıb:
“Gənclərimiz ölkəmizi, xalqımızı layiqincə təmsil etməli, birgə və koordinasiyalı hərəkət etməlidir. Biz də öz növbəmizdə hər zaman sizə dəstək verəcəyik. RAMU-nun öz işinin öhdəsindən layiqincə gələcəyinə inanıram".
Ukrayna Azərbaycanlı Gənclər Radasının (UAGR) rəhbəri, tanınmış vokalist Vaqif Nağıyev isə görülən işlər haqqında məlumat verib:
“Fəaliyyət göstərdiyimiz iki il ərzində Ukraynanın 7 oblastında təşkilatımızın nümayəndəliklərini aça bilmişik. Önümüzdəki ildə hədəfimizdən biri də nümayəndəliklərimizin sayını 14-ə çatdırmaq və ümumukrayna təşkilatı statusu almaqdır. Biz həmçinin mərkəzi aparatı da yeniləmişik".
Təşkilatın 2022-ci il planları haqqında məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Radası sədrinin müavini Qasam Əhmədov əsas hədəflərini açıqlayıb:
1. RAMU ətrafında gənclərin və gənclər təşkilatlarının birləşdirilməsi
2. Universitetlərdə gənclərlə görüşlərin təşkili
3. Oblastlarda yeni nümayəndəliklərin fəaliyyətə başlaması
4. “Azərbaycan-Ukrayna dostluğu” adlı layihə hazırlanıb həyata keçirilməsi
5. “Novruz bayramı” proqramı
6. Gənclər formunun keçirilməsi
Görüş qarşılıqlı diskussiyalar ilə davam edib.