Saleh Rüstəmovun azadlığa buraxılması üçün Prezidentə müraciət edildi


Bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmovla bağlı Prezidentə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, müraciətdə qeyd olunub ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində məhkum olan Rüstəmov Saleh Məhərrəm oğlunun səhhətində ciddi problemlər yaranıb. Hazırda cəza çəkdiyi müəssisədə 10 gündən artıqdır ki, davamlı aclıq aksiyası keçirir.
Bildirilib ki, aclıq onun səhhətindəki problemləri daha da kəskinləşdirib. Bu da onun həyatını itirmə ehtimalını artırır. Bundan əlavə, hazırda onun övladı 20 ilə yaxındır ki, böyrək çatışmazlığından əziyyət çəkir.
Müraciətçilər Zəfər Günü münasibətilə verilən Amnistiya aktı çərçivəsində Prezident İlham Əliyevdən S.Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı xahiş ediblər.
Müraciəti tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Əliməmməd Nuriyev, Səidə Qocamanlı, sabiq deputat Çingiz Qənizadə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri  Sahib Məmmədov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, jurnalistlər və QHT nümayəndələri imzalayıb.
Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Vaxtilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.
Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman saxlanılıb və narkotik maddələri saxlamasında ittiham olunaraq həbs edilib.
Sonra cinayət işinə başqa ittihamlar da əlavə edilib: istintaqın versiyasına görə, Saleh Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.

DİGƏR XƏBƏRLƏR

Top