Sabirabadda qadın gözətçini qətlə yetirən polis əməkdaşının məhkəməsi başlayır


Sabirabadda körpələr evində qadın gözətçini qətlə yetirməkdə təqsirləndirilən Əliağa Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Qeyd edək ki, bu il iyulun 22-si saat 13 radələrində Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onu da qeyd edək ki, Əliağa Soltanov Daxili İşlər Nazirliyinin Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı olub./ APA

DİGƏR XƏBƏRLƏR

Top