Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən insidentdən narahat olduqlarını dilə gətirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AŞ-nin bəyanatında deyilir.
“Mən Ermənistanla Azərbaycan arasında davam edən və artıq insan tələfatı olan insidentlər barədə məlumatlardan narahatam. Atəşkəs yaxşı xəbərdir və mən hər iki tərəfi atəşkəsi dəstəkləməyə çağırıram”, - deyə baş katib bildirib.
O xatırladıb ki, Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olarkən problemi sülh yolu ilə həll etməyə söz veriblər. Mariya Peyçinoviç-Buriç bu öhdəliyin dəyişməz və mütləq yerinə yetirilməli olduğunu bildirib:
“Avropa Şurası ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycana fikir ayrılıqlarının sülh yolu ilə həllinə kömək etmək üçün davam edən səylərinə tam dəstəyini bir daha bəyan edir. Biz etimad yaratmaq və barışığa təşviq etmək üçün iki üzv dövlət arasında dialoqu asanlaşdırmağa hazırıq”.
Xatırladaq ki, Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində dünən saat 18:30-da qarşıdurma dayandırılıb.