Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis-polkovniki Ədalət Əliyev “Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı” adlı maarifləndirici tədbir keçirib.
Yeniavaz.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd narkotik vasitələrin qanunsuz dövriyyəsi, psixatrop və güclü təsir edici maddələrin insan sağlamlığına vurduğu faciələr və zərərlər barədə şagirdlərin maarifləndirilməsidir.
Tədbirdən əvvəl məktəbin direktoru Azər Qazıyev polis rəisini qarşılayaraq əvvəlcə məktəb haqqında qısa məlumat verib. Daha sonra tədbirdə şagirdlər qarşısında polis rəisi Ədalət Əliyev narkomaniya və digər zərərli vərdişlər barədə geniş məlumat xarakterli çıxış edib. O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi:
“Ona görə də biz bu gəncliyi qorumalıyıq. Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında artır. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Bu da təbii ki, onları könüllü olaraq narkotika alverçilərinin müştərisi edir. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır.Biz mütamadi olaraq bütün təhsil ocaqlarında olan gənclərlə bu tədbirlərimizi davam etdirəcəyik.Ancaq məni narahat edən əsas məsələ narkomaniya ilə digər vərdişlərdə narahat edir. Bizə məlumat daxil olur ki, təhsil ocaqlarında da narkotikə meyilli tələbə və şagirdlər var. Ona görə də mən rəhbər işçilərdən xahiş edirəm ki, ciddi nəzarət edin. Biz yol verə bilmərik ki ,gələcək nəsil məhvə sürüklənsin. Ona görə də bütün təhsil ocaqları nəzarətimiz altında olacaq. Narkomaniya ilə bağlı və digər zərərli vərdişlərə qarşı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq”
Tədbirdə çıxış edən Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili polis-mayoru Emir Cavadov qeyd edib ki, bir narkoman öz fəaliyyəti dövründə narkotik maddələrqəbul edərkən, ən azı 12-18 nəfəri də narkomanlığa cəlb edə bilir. Onun sözlərinə görə, narkotiklərdən istifadənin təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə narkomaniya “cavanlaşır”. Belə ki,2021-ci ilin 11 ayı ərzində Respublikanın Narkoloji Dispanserlərində ümumilikdə 33788 nəfər narkoman qeydiyyatdan keçmişdir. Bunlardan 618 nəfəri qadındır. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində 2021-ci ilin 11 ayı ərzində 479 nəfər narkomaniyadan əziyyət çəkən şəxs qeydiyyatdadır.
Esmira Hidayətova, Mingəçevir