“Xəzər-Turizm” MMC-nin (VÖEN: 7700063861) və “Hillside Apartments” MMC-nin (VÖEN: 1702255531) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib.
Yeniavaz.com xəbər verir ki, “PMD GROUP” MMC bu şirkətlərin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini açıqlayıb.
“Xəzər-Turizm” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şəmkir şəhərində yerləşən MMC-nin nizamnamı kapitalı 4 milyon 404 min 199 manat təşkil edir. Şirkətin direktoru Mirtaqavi Azər Hüseyn oğludur.
“Hillside Apartments”MMC isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Mehdi Hüseyn, ev 6-da yerləşən MMC-nin nizamnamı kapitalı 29 milyon 850 min manat təşkil edir. Şirkətin direktoru Sədullayev Dəyanət Bayrambəy oğludur.
Məlumat üçün onu da bildirək ki, son bir neçə ayda bir-sıra şirkətlər ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.
Ötən ay “Foton Əmlak” MMC (VÖEN:1405696541) fəaliyyətinə xitam verərək “PMD GROUP” MMC-yə qoşulub.
Sentyabr ayında isə daha 2 şirkət “A-GRADE REAL ESTATES” MMC (VÖEN:1405640551) və “AMAL ƏMLAK” MMC (VÖEN:1405623841) fəaliyyətlərinə xitam verdiklərini və “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.
Adları qeyd olunan şirkətlər təxminən 2-3 ay əvvəl təsis olunublar və hüquqi ünvanları ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda - Neftçilər prospekti ev 153-də yerləşir.
Onu da qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC də “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.