
Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar və Hətəm Allahverdiyev küçələrində yerləşən evlər istifadəsiz hala düşüb.
Yeniavaz.com “Xəzər TV”yə istinadən xəbər verir ki, sürüşmə nəticəsində həmin ərazidə olan evlərdən bəziləri əyilib, iri çatlar əmələ gəlib.
Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyindən akt və rəy də verilib ki, bu evlərdə yaşamaq qeyri-mümkündür.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov bildirdi ki, məsələdən xəbərdardırlar və ərazidə sürüşmə aktivdir.
“Hazırda 3-cü etap köçürülmə gözlənilir. Suraxanı Rayon İcra Hakimiyyəti müvafiq orqanlara müraciət edib, vəsaitin ayrılması gözlənilir. İcra Hakimiyyətində vətəndaşları müvəqqəti qalacaq yerlə təmin etmək üçün büdcə nəzərdə tutulmayıb.
Bunu insanlar öz hesablarına etməlidirlər”.
Qeyd edək ki, 2015-ci ildən etibarən 2 mərhələ üzrə 105 ailə sözügedən ünvandan köçürülüb.