Böyük Britaniya İrana 535 milyon dollara yaxın borcu ödəməyə razılaşdı


Böyük Britaniya 1974-cü ildə imzalanan və icra olunmayan müqaviləyə görə İranın borcunu ödəməyə razı olub.

Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqeri Kiyani deyib. O bildirib ki, Britaniya 1979-cu ildə təhvil verməli olduğu amma, təhvil vermədiyi tankların borcunu ödəməyə razı olub. Belə ki, 400 milyon funt sterlinq (535 milyon dollar) borcun ödənilməsi ilə bağlı əsas məsələ razılaşdırılıb, lakin ödəniş üsulu və prosesi ilə bağlı məsələ hələ həll olunmayıb.

Qeyd edək ki, BMT-nin Beynəlxalq Məhkəməsi 2013-cü ildə Böyük Britaniyanı İngiltərə tərəfindən ləğv edilən müqavilə ilə bağlı İrana təzminat ödəməyə çağırıb. Sözügedən müqavilə 1974-cü ildə Britaniyanın "International Military Services" (IMS) şirkəti və İran hökuməti arasında bağlanıb. Müqaviləyə əsasən, şirkət İrana mindən çox Britaniya tankı tədarük etməli idi. Lakin, 1979-cu ildə İranda baş verən inqilabdan sonra London müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib. İran isə bu günə qədər təzminat ala bilməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top