Vətəndaşın COVID-19 testinə iki fərqli cavab gəldi - TƏBİB-dən RƏSMİ AÇIQLAMA


Vətəndaşdan götürülən COVID-19 testinə iki cavab gəlib. 

Bu barədə oxu.az-a vətəndaşın ailə yaxınları məlumat verib. 

Onların sözlərinə görə, noyabrın 7-də Vəliyev Akif Məmməd oğlundan koronavirusa qarşı test götürülüb:

“Qayınatamdan narahatlığı ilə bağlı evdə COVID-19 analizi götürüblər. Əvvəl cavab pozitiv gəlib. Kişini Yeni Klinikaya yerləşdirdik. 4 saat sonra isə neqativ cavab gəldi. İnsan həyatı görəsen əhəmiyyətli deyilmi? Belə laqeydlik və məsuliyyətsizliyə kim cavab verməlidir?”. 

Məsələ ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edilib. Sosial şəbəkə istifadəçiləri bu mövzu ətrafında müzakirələr aparıblar. 

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış  bildirib ki, vətəndaş Akif Vəliyevdən koronavirus testi 07.11.2021-ci il tarixində 6 saylı poliklinika və daha sonra isə Yeni Klinika tərəfindən götürülüb:

“Yeni Klinika tərəfindən test nümunəsi 07.11.2021-ci il tarixində qəbul edilib. 6 saylı poliklinikadan götürülən test nümunəsi isə 08.11.2021-ci il tarixində qəbul edilib. Vətəndaş Akif Vəliyevin koronavirus testinin nəticəsi 08.11.2021-ci il tarixində Yeni Klinikada pozitiv, 6 saylı poliklinikadan isə neqativ təyin olunub. Nazirlər Kabinetinin tapşırığına əsasən COVID-19-la bağlı verilmiş fərqli nəticələrdən yalnız pozitiv olanı əsas sayılır.

Eyni zamanda “Koronavirus (COVID-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsi, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Sərəncamının 9.3-cü bəndinə uyğun olaraq nəticəsi pozitiv çıxmış şəxslərin ən az 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda təcridolma müddəti 14 gündən tez bitmiş sayıla bilir”.

DİGƏR XƏBƏRLƏR

Top