İstintaq Komitəsi və Ermənistan polisi İrəvanın Kanaker rayonunda baş verən atışmanın təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, İrəvanda gecə nümayişi zamanı həlak olanların hamısının kimliyi məlum olub.
Polisə müxtəlif xəstəxanalardan güllə yarası ilə qəbul edilən 19, 61, 27, 37 və 38 yaşlı vətəndaşlar barədə məlumat daxil olub. 61 və 38 yaşlı şəxslər xəstəxanada keçiniblər.
Keçirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, həmin şəxslərin hamısı Kanaker küçəsi 16 ünvanında yerləşən evlərdən birində baş vermiş insident nəticəsində xəsarət alıblar. Hadisə yerindən 43 və 37 yaşlı şəxslərin meyitləri aşkar edilib. Bundan başqa, 28 müxtəlif çaplı mərmi, 12 güllə, 4 tapança və 2 pulemyot aşkar edilib.
Hadisə ilə bağlı polis hesabatında həlak olanların adları açıqlanıb. Xəstəxanada ölənlər Artuş Simonyan (evində atışma baş verən keçmiş deputat) və Artur Boryandır.
***11:32
İrəvan polisinə gecə saat 02:50 radələrində paytaxtın Kanaker məhəlləsindəki evlərdən birində atəş açıldığı barədə məlumat daxil olub.
Yeniavaz.com “Shamshyan”a istinadən xəbər verir ki, hadisə yerinə İstintaq Komitəsinin rəhbərliyinin nümayəndələri gəlib.
Hadisə yerində bir neçə atıcı silah, patron, güllə, bıçaq və qan izləri aşkar edilib. Polis və müstəntiqlər evdə iki kişi cəsədini tapıblar, sonra məlum olub ki, daha iki nəfər xəstəxanaya aparılarkən yolda ölüb.
Verilən məlumata görə, öldürülənlərdən biri “Kanakersi Tuy” ləqəbli keçmiş deputat, kriminal avtoritet Artuş Simonyandır. Atışmanın baş verdiyi ev keçmiş deputatlardan birinə məxsusdur.
Qeyd edək ki, hadisəni araşdırmaq üçün istintaq qrupu yaradılıb. Ölənlərin qalan hissəsinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.