Lənkəranda parkın mərmər döşəməsini söküb “2 manatlıq” tamet vururlar? - FOTO

Bir müddətdir ki, Lənkəranın mərkəzində yerləşən Həzi Aslanov parkı təmir olunur. Ərazinin döşəmə hissəsi sökülərək yenisi ilə əvəzlənir. Lakin təmir işləri sakinlər arasında narazılığa səbəb olub.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, sakinlər Lənkəranın ən görməli yerlərindən olan bu ərazinin əvvəllər mərmərlə döşənmiş olduğunu bildiriblər. İddia olunur ki, hazırkı təmirdə mərməri söküb ucuz daşdan istifadə edirlər ki, bu da xiyabanın tarixi görkəminə xələl gətirir:

“General Həzi Aslanovun adını daşıyan xiyabana rayonun keçmiş icra başçısı Süleyman Mikayılovun zamanında mərmər döşənmişdi. Xiyabanda yalnız bir neçə daş qopmuşdu və onları kiçik təmirlə əvvəlki vəziyyətinə qaytarmaq olardı. Lakin mərməri söküb yerinə 2 manatlıq tamet döşəyirlər…”

Fotoda: Həzi Aslanov parkı təmirdən əvvəl

Şikayətlə bağlı Lənkəran Rayon İcra Hakimiyyətindən bildirildi ki, hazırda sözügedən ünvana mərmər qarışıqlı beton tavalar düzülür: “Lənkəran şəhərinin Qala Xiyabanı küçəsinə 2008-ci ildə travet üzlüklü tavalar düzülmüşdü. Sürüşkənliyi çox olan və əslində yerə döşənmək üçün nəzərdə tutulmayan həmin tavaların ötən müddət ərzində bir hissəsi sıradan çıxmışdı. Lənkəran şəhərinə gələn çoxsaylı turistlərin və qonaqların, o cümlədən rayon sakinlərinin gəzinti və istirahət üçün sözügedən yoldan gündəlik istifadə etdikləri nəzərə alınaraq hazırda cari ilin büdcə vəsaiti hesabına əvvəlki travet layların bir hissəsi sökülərək yüksək keyfiyyətli mərmər qarışıqlı beton tavalarla əvəzlənir. Görülən işlərə şəhər İcra hakimiyyəti tərəfindən gündəlik ciddi nəzarət olunur”.

DİGƏR XƏBƏRLƏR

Top