
“Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasının və demarkasiya ilə delimitasiyası prosesinə mümkün qədər tez başlanmasının vacibliyini qeyd edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatın imzalanması ilə bağlı yaydığı 9 noyabr 2021-ci il tarixli bəyanatında deyilir.
“Bu gün demək olar ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının daha çox həyata keçirilməsinə və ciddi şəkildə yerinə yetirilməsinə sadiq qalması vacibdir”.
Vurğulanıb ki, Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.
“Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Öz növbəsində 3 paket minalanmış ərazi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib”.
Bəyanatda Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və onun delimitasiyası-demarkasiya prosesinə tezliklə başlanmasının vacibliyi vurğulanır. Rəsmi Moskva bu məsələdə bütün lazımi məsləhətçi yardımı göstərməyə hazır olduğunu bildirib.
“Biz, ilk növbədə, regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin həlli kontekstində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə səylərin davam etdirilməsini vacib hesab edirik”.
Rusiyanın Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarı olduğu bildirilib.