Gəncədə 8 Noyabr – Zəfər Günü qeyd edilib - FOTOLAR


Respublikanın hər yerində olduğu kimi Gəncədə də 8 Noyabr – Zəfər günü böyük təntənə ilə qeyd olunub.
Yeniavaz.com
xəbər verir ki, Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər. 
8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edilib. Daha sonra Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışı zamanı tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib.
Daha sonra şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə Gəncənin “İstiqlal” parkında inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı baş tutub.
“Memorial Abidə Kompleksi” ilə tanışlıqdan sonra şəhid ailələrinin üzvlərinə söz verilib. Şəhid atası Miryunis Hüseynzadə, şəhid anası Briliant Əsərova, şəhid yoldaşı Əfsanə Məmmədova, şəhid övladı Təqi Əsgərli çıxış edərək, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından danışıblar.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk də 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrı tərəfindən “Azərbaycan, Zəfər günün mübarək!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Gənc könüllülərin iştirakı ilə sülh rəmzi olan 44 göyərçin havaya buraxılıb. Daha sonra hərbi orkestrın keçidi izlənilib.
Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirindən sonra şəhər rəhbərliyi və qonaqlar Heydər Əliyev Park-Kompleksinə gəliblər. Burada 8 Noyabr – Zəfər gününə həsr olunan ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyası zamanı rəsmilər, şəhər ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə ümumilikdə 2500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.

DİGƏR XƏBƏRLƏR

Top