Azadlıq radiosu: "Türkmənistanda pambığı döyə-döyə yığdırırlar"

Polis əmək miqrantlarını, alkoqolizmlə və ya fahişəliklə bağlı qeydiyyatda olanları, habelə alimentlərini ödəməyənləri zorla pambıq yığmağa göndərir

Türkmənistanda maska rejimini pozanları, habelə kommunal xidmətlər və aliment üzrə borcu olanları məcburi qaydada pambıq və çuğundur yığmağa göndərirlər.

Bundan imtina edənləri isə polis dəyənəklərlə döyür.

Yeniavaz.com xəbər verir ki, bu məlumatı "Azadlıq Radiosu"nun Türkmən xidməti - "Azatlık" yayıb.

Şahidlərdən biri "Azatlık" müxbirinə deyib:

"Hazırda Bereket və Serdar dairələrində yaşayan və maska rejimini pozmaq üstündə tutulanları və ya elektrik və qazın pulunu ödəməyənləri məcburi qaydada pambıq və ya çuğundur yığımına göndərirlər. Polis onları dəyənəklərlə döyərək zorla pambıq yığmağa məcbur edir”.

Balkan vilayətinin sakinləri müxbirə deyiblər ki, yerli hakimiyyət orqanları bundan fürsətlənərək tez bir zamanda “məcburi əməyin hesabına” pambıq yığımı planını doldurmaq istəyir.

Amma sakinlərin sözünə görə bu il artıq tarlalarda pambıq qalmayıb. Bütün vilayət üzrə plan yalnız 21 faiz doldurulub. Yerli saytlardan birinin yazdığına görə bu il Balkan vilayətində pambıq yığımına sentyabrın 8-də başlanıb. Bu vilayət bütün ölkə üzrə 1 milyon 250 min ton pambığın 10 min tonunu verməlidir.

"Azatlık" yazır ki, bundan başqa Türkmənistanda yığılmış pambığın məntəqələrə daşınmasında yük maşınlarının çatışmaması ilə bağlı problem yaranıb.

Bununla əlaqədar hakimiyyət orqanları şəxsi yük avtomobillərinin sahiblərini pambıq daşınmasına cəlb edirlər.

Sakinlərdən biri bu barədə müxbirə deyib:

"Hökumət yük maşınlarının sahiblərinə sadəcə olaraq deyir: “Əgər bu vilayətdə yaşamaq istəyirsənsə, pambıq daşınmasına kömək etməlisən”. Onlara nəinki maaş ödəmir, hətta dizeli də özlərinə aldırırlar”.

Həmin sakin bunu da deyib ki, vilayətin rəhbərliyi hər gün gecə saat 11-də kəndli birliklərinin başçılarını iclasa yığır. Burada planı doldurmayanları hətta ana söyüşü ilə təhqir edirlər.

"Azatlık" yazır ki, onun müxbiri baş verənlərlə bağlı Balkan vilayəti, Serdar və Bereket dairələrinin icra hakimiyyətlərindən və polis idarələrindən şərh ala bilməyib.

Bundan əvvəl "Azadlıq Radiosu"nun Türkmən xidməti yazmışdı ki, Balkan vilayətində polis əmək miqrantlarını, alkoqolizmlə və ya fahişəliklə bağlı qeydiyyatda olanları, habelə alimentlərini ödəməyənləri zorla pambıq yığmağa göndərir.

"Azatlık" xəbər verirdi ki, büdcədən maaş alanları pambıq yığımına bir qayda olaraq cəlb edirlər.

Türkmənistan pambığının beynəlxalq boykotu

Jurnalistlərin yazdığına görə məsələn, avqustun 24-də Lebap vilayətində pambıq yığımına mühafizə polkunun əməkdaşları cəlb olunublar. Avqustun 27-də isə müəlimlərə və yuxarı sinif şagirdlərinə məcburi qaydada pambıq yığdırılıb.

Xəbər verilir ki, avqustun 30-da pambıq yığımına alimentlər üzrə borcu olanlar göndərilib.

Bu da qeyd olunur ki, Türkmənistanda məcburi əməkdən pambığın təkcə yığımında deyil, həm də becərilməsində istifadə olunur.

"Azadlıq Radiosu" xəbər verirdi ki, avqustda Darqanat dairəsinin orta məktəb müəllimlərini pambıq kollarının budanmasına cəlb ediblər.

Beynəlxalq insan haqları təşkilatları Türkmənistanı pambıq istehsalında məcburi əməkdən və uşaq əməyindən istifadəyə görə tənqid edirlər.

Responsible Sourcing Network saytının məlumatına görə 2021-ci ilin 10 avqustunadək 138 dünya brendi türkmən pambığının boykotuna qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top