Hərbi məktəbdə "Hər şəhid adına bir ağac əkək” devizi altında anım tədbiri keçirilib - VİDEO


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Vətən müharibəsində şəhidlik məqamına ucalan zabitlərin xatirəsinə həsr olunan "Zəfər Günü" münasibətilə "Hər şəhid adına bir ağac əkək” devizi altında anım tədbiri keçirilib.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Ali Hərbi Məktəbin şəxsi heyəti, şəhid ailələri, 276 saylı orta məktəbin müəllim və şagirdləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Polkovnik Emin Səfərov anım tədbirində çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərib. Bu tarixi qələbə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun rəşadəti və cəsarəti, igidlərimizin qanı hesabına əldə olunub. Şanlı Qələbənin əldə olunmasında Hərbi məktəbin zabit və məzunlarının da payı danılmazdır. Bu gün ulu əcdadlarımızdan bizə miras qalan torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmayan xalqımızın vətənpərvər, mərd, cəsur və qəhrəman övladlarının, Vətən uğrunda şəhid olan qardaşlarımızın qanı yerdə qalmayıb.     

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin uca tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra şəhidlərin xatirəsinə ağaclar əkilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin, həmçinin məktəblilərin ifasında qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən mahnı və şeirlərlə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top