İcra Hakimiyyəti “Əbu Bəkr məscidi” üçün 115 min manat ayırdı


Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi "Opus" MMC (VÖEN-1302149191) olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən "Opus” MMC  Nərimanov rayonu ərazisində yerləşən “Əbu Bəkr məscidi”nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərini hazırlayacaq. 
Qeyd olunan işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti "Opus" MMC-yə 115 min  manat vəsait ayıracaq.

Qeyd edək ki, "Opus" MMC 01.02.2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayil Müşfiq, ev 8, m. 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi tanınmış memar Məmmədov Ədalət Eyvaz oğludur. 

Məlumat üçün bildirək ki, Əməkdar memar Ədalət Məmmədov 1980–1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhərağa məscidi, Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasının divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.

Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin YUNESKO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edib.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqəsinin qalibi noyabr ayının 4-də elan olunub. Lakin, mətbuatda yayılan məlumatlardan belə görünür ki, “Əbu Bəkr məscidi”nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədləri hazırlanmadan məsciddə söküntü işlərinə başlanılıb.

Əbu Bəkr Məscidi sökülüb yenidən tikiləcək?

Bundan başqa tender müsabiqəsində qalib gələn "Opus" MMC-nin dövlət büdcəsinə 2 min 907 manat vergi borcunun olduğu bildirilir. 

Qeyd edək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.

Əgər vergi borcu son bir ay ərzində yaranmayıbsa (sənəd qəbulu 1 oktyabr tarixində başlayıb) "Opus" MMC-nin tenderdə iştirakı mümkünsüzdür. 

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top