Vətən Müharibəsinin 41-ci günü: 6 noyabrda nələr baş verdi? - VİDEO


6 noyabr 2020-ci il. Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir, düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilirdi.

Düşmən məğlubiyyətə uğradıqca təxribatlara əl atırdı. Bu dəfə düşmən Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqelərini fasilələrlə atəşə tuturdu.

Eyni zamanda saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli, eləcə də Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərini atəşə tutdu.

Düşmənin bu təxribatlarının cavabını isə döyüş meydanında verilirdi. Bu dəfə isə Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edildi.

Tərtər rayonunun Qazyan, Qaynaq, Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutan düşmənə cavab isə daha ağır oldu. Bu dəfə Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti bölmələrimizin dəqiq atəşi ilə vuruldu.

Müdafiə Nazirliyi isə bu dəfə Füzuli rayonunun işğaldan azad olunan kəndlərindən görüntülər yaydı.

Böyük qələbəyə, Qarabağa qovuşmağımıza isə lap az, cəmi 3 gün qalırdı.

 

DİGƏR XƏBƏRLƏR

Top