Yeni təklif kitab qiymətlərinə necə təsir edəcək? - Nəşriyyat rəhbərləri ilə SORĞU


Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir. Qanun təsdiqlənərsə, kitablardan (elektron kitablar istisna olmaqla) Əlavə Dəyər Vergisi
 (ƏDV) tutulmayacaq. Bəs görəsən, bu, kitabçılığa necə təsir göstərəcək? Azərbaycanda çap olunan və ya ölkəyə gətirilən kitabların qiyməti dəyişəcəkmi?

Yeniavaz.com məsələ ilə bağlı "qafqazinfo"nun tanınmış nəşriyyatların rəhbərləri arasında keçirdiyi sorğunu təqdim edir:

“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun sözlərinə görə, adətən ƏDV ləğv olunan ölkələrdə kitab satışı 15-20% artır:

“Ümid edirəm, bu, bizdə də eyni təsirə malik olacaq. Əlbəttə, kitabın qiyməti 18% azalacaq. Eyni zamanda, kağızdan da ƏDV götürüləcək. Əgər bu vaxtadək kağız gətirən şirkətlər az sayda idisə, bundan sonra artacaqlar. Məncə, nəşriyyatların, kitab çeşidlərinin, tirajın da sayı artacaq. Əgər illik ortalama tiraj 700 idisə, bu halda 1000-i aşacaq. Bir sözlə, ƏDV götürüləndən sonra kitabçılığın vəziyyəti xeyli yaxşılaşacaq. Oxucuların da sayının artacağı gözlənilir”.

“Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca hesab edir ki, çap məhsulları üzərindən ƏDV-nin götürülməsi kitab bazarına bütün hallarda müsbət təsir göstərəcək, kitabların ucuz başa gəlməsinə səbəb olacaq:

“Lakin hazırda naşirlər arasında fikir ayrılığı var. Türkiyədən və Rusiyadan ucuz kitab gətirilərsə, bu Ana dilimizin sıxışdırılmasına səbəb olacaq, Azərbaycan dilində kitablar baha başa gələcəyinə görə oxucular türkcəyə və ruscaya üstünlük verəcək.

Digər tərəfdən, əgər yerli naşirlər kitablarını xaricdə çap edib gətirsələr, o zaman yerli mətbəələr iflas edəcək. Bütün bunlara baxmayaraq, oxucunun qazanacağı və kitab bolluğu yaranacağı şübhəsizdir”.

“Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq deyir ki, kitab və kitab istehsalından ƏDV-nin götürülməsi bütün kitabçıların illərdir həllini gözlədiyi bir problem idi:

“Kitab oxuduğuna görə oxucudan vergi almaq absurd bir iş idi. Ölkə kitabçılığının üstündə olan bu ləkə nə yaxşı ki, artıq götürülmək ərəfəsindədir. Bu məsələ həll olduqda kitabın çap və istehsalı nisbətən daha ucuz başa gələcək və bu sahənin şəffaflaşmasına da gətirib çıxaracaq. Bir naşir kimi bu təşəbbüsü irəli sürən, həllinə çalışan hər kəsə təşəkkür edirəm!”

Tariq əlavə edib ki, ƏDV-nin götürülməsi ilə bağlı təklif olunan dəyişikliyin içərisində kitabın idxalından da ƏDV-nin götürülməsi məsələsi də var ki, bunu doğru addım hesab etmir:

“Bu halda yerli nəşriyyatlara ciddi zərər dəyəcək. Xüsusən son dövrlər ölkəmizdə rus, türk və ingilis dilindəki kitabların idxalı çoxalıb və gənclərdə kütləvi şəkildə bu dillərdə oxumağa meyil yaranmaqdadır. Bunun əsas səbəblərindən biri idxal olunan kitabların istehsal olunduğu ölkələrdə çap xərclərinin aşağı olması və kitabların tirajlarının ölkəmizə nisbətən dəfələrlə çox olması nəticəsində həmin kitabların maya dəyərinin aşağı olmasıdır. Kitabların idxalından ƏDV götürüldükdə isə, xaricdən gələn kitablarla ölkə daxilində istehsal olunan kitablar arasındakı qiymət fərqi daha da artacaq və digər dillərdə oxumaq vərdişi daha da vüsət alacaq. Bu hal yerli nəşriyyatlar üçün ciddi problem olmaqla yanaşı, ana dilimiz üçün də böyük təhlükəyə çevrilməkdədir. Sirr deyil ki, dilin mövcudluğunun əsas təminatçısı kitablar, xüsusən bədii ədəbiyyatdır.

Nəşriyyat rəhbəri, həmçinin bu halın yerli mətbəələr üçün də ciddi problemə səbəb olacağını bildirib:

“Güzəşt tətbiq olunduğu təqdirdə nəşriyyatlar öz kitablarının ölkə xaricində çapına üstünlük verəcək, bu da ölkədən maliyyə axınına səbəb olacaq. Bu addım nəşriyyat-mətbəə-kitab evləri üçbucağında ancaq və ancaq mağazalar tərəfinin maraqlarına uyğun gəlir. Bu maraq da bir tərəfdən kitab mağazalarının digər dillərdə olan kitabları önə çəkməsinə və satışına üstünlük verməsi ilə nəticələnəcək.

Hansısa sahədən ƏDV-nin götürülməsi yerli bazarı stimullaşdırmaq üçün nəzərdə tutulur. Belə olduqda isə bunun əksi baş verəcək, yerli kitab bazarı xaricdən gələn kitab axını qarşısında davam gətirə bilməyəcək”.

“Çapar Yayınları” nəşriyyatının direktoru Yusif İlhamoğlu isə ƏDV-nin ləğvini gecikmiş məsələ adlandırıb:

“Dünyanın bir sıra inkişaf etmiş ölkələrində ya ƏDV yoxdur, ya bir rəqəmlidir, ya da 2-3%-dək olanlar var. Bizdə nəşriyyatın qazancı olmadığı halda 18% ƏDV verir. Oxucu hətta üç dəfə vergi ödəmiş olur. Buna görə də oxucular yük altında qalırlar. Ölkəyə gələn kağız üzərindən ƏDV-i götürülsün, kitabın istehsalı və satışı zamanı ƏDV olmasın ki, biz oxuculara ucuz qiymətə kitab təklif edə bilək. Amma burada bütün kitab sektorundan ƏDV-nin götürülməsi müzakirə olunur ki, bunun bəzi fəsadları da ola bilər. Onlardan biri bədii ədəbiyyatın ölkəyə ƏDV olmadan daxil olmasıdır. Təsəvvür edin ki, ölkəyə ən çox Türkiyə və Rusiya bazarından daxil olur. Məsələn, Dostoyevskinin hər hansısa bir əsəri Türkiyədən də, Rusiyadan da gəlir, Azərbaycanda da çap olunur. Hər iki ölkədən gələn indiki halda Azərbaycandakından çox ucuzdur. Dostoyevskinin “Yeniyetmə” əsəri Azərbaycan bazarında 10, Türkiyə və Rusiyada 5 manatdır. Bu 5 manatın içində ƏDV də var. Bu kitab bazara çıxanda, gətirilmə xərci daxil olmaqla, 6 manat olur. Oxucu biz satdığımızı yox, Türkiyə və Rusiyadan gələni alır. Haqlıdır, tərcüməsi, çapı bizdəkindən keyfiyyətlidir.

İndi təsəvvür edin ki, ölkəyə gələn kitabdan da ƏDV götürülür və qiymət bir az da aşağı düşür. Bu halda çap etdiyimiz kitabın nə mənası qalır. Nəşriyyatın ƏDV-nin ləğvindən elə bir qazancı yoxdur. Kitab çapında kağız qiymətin 30%-ni təşkil edir, yerdə qalanı kimyəvi maddələrdir (rəng, kley və s.). Kağızın qiymətindən 18% ƏDV ləğv olunub. Bu da yekunda 5,4% edir. Mətbəə bizə cəmi 5,4% ucuz qiymət təklif edə bilər ki, bu da sual altındadır, edəcəkmi? Çox güman ki, etməyəcəklər. Bütün mətbəələr müstəqildir. Dövlət bunu tənzimləyə, qadağa qoya bilmir”.

Onun sözlərinə görə, əgər xaricdən gələn kitablar ƏDV-dən azad olunacaqsa, o halda nəşriyyatlara da sərbəstlik verilməlidir ki, ölkə xaricində kitab çap etdirib gətirə bilsinlər:

“Türkiyədə hər hansısa mətbəə kitab çap etdirmək daha ucuz başa gəlir. Azərbaycanda mənə 2 min manata başa gələn kitab Türkiyə bazarında 1-1200 manata başa gəlir. 200 manat da bunun ölkəyə gətirilməsi üçün nəqliyyat xərci olsun. Kitab 1200-1400 manata ərsəyə gəldi. Avtomatik olaraq kitabımın qiyməti 30-40% aşağı düşmüş olur. Normalda 10 manata satdığım kitab olur 6-7 manat. Bu, böyük amildir, təsirdir, oxucu qarşısında daha rahat danışmaqdır, daha çox pul qazanaraq daha keyfiyyətli kitab çap etdirməkdir. Bizim nəşriyyat işinin inkişafı üçün ölkəyə gətirilən bədii ədəbiyyat üzərindən ƏDV götürülməsin, bizim xaricdəki mətbəələrdən istifadə etmək üçün şərait yaradılsın, gömrük rüsumları, ƏDV ləğv olunsun ki, biz daha ucuz qiymətə daha keyfiyyətli kitab təqdim edə bilək. Bu, bir biznes yanaşmasıdır”.

DİGƏR XƏBƏRLƏR

Top