Həbsdə vəfat edən sabiq icra başçısının qardaşı cinayət işi ilə bağlı hərəkətə keçdi


Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə vəfat edən sabiq başçısı Nizaməddin Quliyevin qardaşı cinayət işi üzrə hüquqi varis kimi tanınaraq, məhkəmənin davam etdirilməsini istəyib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, mərhum icra başçısının qardaşı Cəlaləddin Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası alan sabiq icra başçısının cinayət işinə xitam verilməsini istəməyib.

Yaxın günlərdə Gəncə Apelyasiya Məhkəməsində N. Quliyevə bəraət verilməsi üçün şikayətə baxılacaq.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev koronavirusa yoluxaraq sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

DTX-nın yaydığı məlumatda bildirilirdi ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top