Fransa Avropa Şurasının hicablı qadınlara olan ayrı-seçkiliyə qarşı başlatdığı kampaniyanı ləğv edib.
Yeniavaz.com xəbər verir ki, “LCI”-a verdiyi açıqlamada Fransanın gənclər üzrə dövlət naziri Sara El Airi Avropa Şurasının sözügedən kampaniyasının onu təəccübləndirdiyini bildirib:
“Kampaniyaya aid videoda qadınlar hicabdan istifadəyə təşviq edilir. Biz bunu pisləyirik. Fransa Avropa Şurasına bunu bəyənmədiyini bildirdi və kampaniya ləğv edildi”.
Avropa Şurasına da öz reaksiyalarını bildirdiklərini deyən El Airi dünyəviliyi və dini azadlığı müdafiə etdiklərini, lakin bu kampaniyanın hicabı önə çıxardığını iddia edib. Fransa bu kampaniyanın ləğvini təmin etdikdən sonra Avropa Şurası kampaniyanın "Twitter" hesabındakı yazıları silib. Ölkənin bir çox siyasətçiləri də bu kampaniyaya reaksiya veriblər.
Qeyd edək ki, Avropa Şurası hicablı qadınlara olan ayrı-seçkiliyə qarşı oktyabrın 28-də kampaniyaya başlayıb. Avropa Şurasının ayrı-seçkiliklə mübarizə bölməsinin "Twitter" hesabında hicablı qadınların görüntüləri paylaşılıb.