Xalq yazıçısı Çingiz Abdullayev “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə aydınlıq gətirib.
Yeniavaz.com xəbər verir ki, yazıçı məsələ ilə bağlı “Facebook”da paylaşdığı videoda bunları deyib:
“Tədbirdə dedim ki, hələ bir il bundan öncə mən rus telekanallarında bizim qonşularımızdan danışanda onlar mənə dedilər ki, siz ticarət xalqısınız, biz isə əsgər xalqıyıq. Ona görə birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpağınızı almışıq. İndi bəziləri qəsdən deyir ki, Çingiz şəhidlərə hörmətsizlik edir. Hamısı yalandır. Çünki mənim Şuşada həlak olan qardaşım var. Ümumiyyətlə, həmişə demişəm ki, biz neçə min şəhid itirmişik, Allah onların hamısına rəhmət eləsin. Amma mən niyə bununla razılaşmıram ki, eyni müharibə olub? Ona görə ki, 20, 30, 40 ildən sonra nəvələrimiz bizdən soruşacaq: “Xocalıya gələndə niyə ordumuz onu müdafiə etməyib?”. Ona görə ki, o vaxt ordumuz olmayıb. Ona görə mən qonşularımızla qəti razı ola bilmərəm. Biz ticarət xalqı deyilik, biz qəhrəman xalqıq. Nə qədər şəhid o müharibədə və 3 minə yaxın şəhid bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, bizim iqtisadiyyatımız, pulumuz, imkanımız, Prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim. Bunu hələ bir il bundan öncə demişdim və 1 ay bundan öncə yazmışdım. O vaxt oxuyanlardan heç kim buna fikir vermədi. Bu videonu qəsdən belə çəkiblər ki, birinci hissə orada olmasın. Amma baxın o tədbirdə neçə yüz adam oturmuşdu. Onlardan soruşun ki, necə olub və necə danışmışam”.
Qeyd edək ki, yazıçının Sumqayıtda oxucularla görüşdə “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır” deməsi mübahisələrə səbəb olub.