UAR "Ze! Molodyojka" və YAP-ın gənclər birliyi ilə görüşüb - FOTOLAR


Ukrayna Azərbaycanlıları Radasının rəhbərliyi "Ze! Molodyojka" və Yeni Azərbaycan partiyasının gənclər birliyi ilə görüşüb. Sözügedən görüş zamanı ukraynalı və azərbaycanlı gənclərin hər iki ölkə üçün önəmindən danışılıb. 
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasında baş tutan görüşü UAR həmsədri Oleq Krapivin öz giriş sözü ilə açıb. "Ze! Molodyojka" rəhbəri, Ukrayna Ali Radasının deputatı Aleksandr Sançenkonu və gələn qonaqları salamlayan Oleq Krapivin ilk olaraq gənclər siyasətinin önəmindən bəhs edib. “Ukraynada yaşayan azərbaycanlı gənclər beynəlxalq arenalarda Ukrayna bayrağını dalğalandırır”, - deyən UAR həmsədri, gəncləri daha çox siyasi arenada da görmək istədiklərini bildirib. Diaspor rəhbəri Ukrayna rəhbərliyini gənclər siyasətinə önəm verməyə və xaricdə təhsil alan gənclərin Ukraynaya geri dönmələri üçün əlverişli şərait yaratmağa çağırıb. 
"Ze! Molodyojka" lideri, millət vəkili Aleksandr Sançenko yüksək səviyyəli təşkilatçılığa görə UAR rəhbərliyinə təşəkkür edib. Millət vəkili bildirib ki, müəllifi olduğu və Ali rada tərəfindən qəbul olunan yeni qanun gənclər üçün əlavə perspektivlər vəd edir: 
“Ukraynada gənclər siyasəti prezident Vladimir Zelenskinin hakimiyyəti dövründə yenidən qurulur. Bu istiqamətdə paytaxt Kiyevdə və regionlarda gənclər üçün mərkəzlərin qurulmasına start verilib. Ümumi olaraq bu cür 2500 mərkəzin qurulması nəzərdə tutulur”, - deyən "Ze! Molodyojka" rəhbəri həmçinin azərbaycanlı gənclərin uğurlarını izlədiklərini bildirib. Sançenko onu da əlavə edib ki, siyasi səhnədə azərbaycanlı gənclərin daha aktiv olması Ukrayna siyasəti üçün də önəmlidir. 
Əməkdaşlıq üçün "Ze! Molodyojka" rəhbərliyinə və Bakıdan gələn qonaqlara təşəkkür edən Ukrayna Azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov bildirib ki, gənclər diaspor siyasətinin ən vacib istiqamətidir:
 “Gənclər bizim gələcəyimizdir. Onların doğru yönləndirilməsi bizim və ölkəmizin gələcəyini müəyyənləşdirir”, - deyən baş katib, gənclər üçün doğru örnək olmağın vacibliyini vurğulayıb. 
Yeni Azərbaycan Partiyası gənclər birliyinin sədri Bəxtiyar İslamov "Ze! Molodyojka" ilə birgə əməkdaşlıq haqqında memorandum imzaladıqlarını bildirib. İslamov əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və "Ze! Molodyojka" rəhbərliyini Bakıya dəvət etdiklərini bildirib. 
UAR gənclər departamentinin rəhbəri Mömünə xanım Səttarova bildirib ki, soydaşlarımız tərəfindən təsis olunan və Ukraynada fəaliyyət göstərən gənclər təşkilatlarının koordinasiyası istiqamətində işlər aparılır. 
UAR aparat rəhbəri Elşad İbrahimov gənclər üçün ortaq düşərgələrin təşkilinin önəmindən danışıb. Aparat rəhbəri bildirib ki, pandemiya şəraitindən öncə belə bir təcrübə olub və Ukraynalı gənclər yay düşərgəsi üçün Azərbaycanda olublar.
Görüşdə çıxış edən "Ze! Molodyojka"nın beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya da qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.
Daha sonra görüş iştirakçıları 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbaycanlıları Radasında təşkil olunan fotosərgi ilə də tanış olublar. Sərgidə Qarabağ Dirçəliş Fondu tərəfindən ərsəyə gələn, ideya müəllifinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın olduğu "Karabakh.Center" layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərinin əks olunduğu "Qarabağda Urbisid" adlı fotosərgi nümayiş olunub.



DİGƏR XƏBƏRLƏR

Top