
Qlobal problemlərlə, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində bir araya gələn G20 liderləri iki günlük Roma sammitindən sonra bir sıra birgə qərarlar qəbul etdiklərini açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, G20 liderləri birgə verdikləri bəyanatda qlobal çağırışların öhdəsindən gəlməkdə qərarlı olduqlarını vurğulayıblar.
Problemlərin ümumi və effektiv həlli yollarının tapılmasında çoxtərəfliliyin əhəmiyyətini vurğulayan liderlər COVID-19 pandemiyasına qarşı birgə mübarizənin gücləndiriləcəyini və xüsusilə də ən həssas təbəqələrin ehtiyacları nəzərə alınmaqla qətiyyətli tədbirlərin görüləcəyini bəyan ediblər.
Liderlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi kimi, 2021-ci ilin sonuna qədər bütün ölkələrdə əhalinin ən azı 40 faizinin, 2022-ci ilin sonuna qədər isə 70 faizinin peyvənd edilməsinə kömək edəcəklərini bildiriblər.
Liderlər iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Paris razılaşmasında müəyyən edilmiş temperatur artımını 1,5 dərəcə selsi səviyyəsində saxlamağa razılaşdıqlarını ifadə ediblər. Bəyanatda 1,5 dərəcəni ortaq məqsəd kimi əldə etmək üçün hər bir ölkənin aşağı karbon keçidində üzərinə düşəni etməli olduğu elan edilib. G20 ölkələrinin hamısı sammitdə xalis sıfır karbon emissiyası hədəfi təyin etmək öhdəliyi götürməsə də, bəyanatda xüsusi olaraq bütün G20 ölkələrinin 2050-ci ilə qədər tullantıları sıfıra çatdırmağı hədəfləməsi vurğulanıb.
G20 Sammitinin bağlanışında mətbuata açıqlama verən İtaliyanın Baş naziri Mario Draqi "Biz bu sammitdə arzularımızın irəlilədiyini gördük" deyib. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş G20-nin qlobal həll yollarına sadiqliyindən məmnun olduğunu, lakin ümid etdiyi şeyi tam almadığını ifadə edib. Böyük Britaniyanın baş naziri Boris Conson karbon emissiyalarını sıfıra endirmək öhdəliyi götürməyən ölkələri tənqid edib. Conson qeyd edib ki, yalnız 12 G20 ölkəsi 2050-ci ilə qədər və ya ondan əvvəl xalis sıfır karbon emissiyasına nail olmaq öhdəliyi götürüb və emissiyalara ən çox cavabdeh olan ölkələr hələ də bu işdə ədalətli məsuliyyət daşımır.
Qeyd edək ki, builki G20 sammiti 30-31 oktaybr tarixlərində İtaliyanın paytaxtı Romada keçirilib.