İsrail prezidenti üzr istədi


İsrail prezidenti İsaak Hersoq 1956-cı ildə yaşanmış Kafr-Kasem qətliamına görə üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, prezident özü və İsrail dövləti adından hər kəsdən bağışlanmaq diləyib.
Hersoq Kafr-Kasem şəhərində 23-ü uşaq olmaqla 49 İsrail vətəndaşı fələstinlinin öldürüldüyü qətliamın anım mərasiminə qatılıb.
Mərasimdə çıxış edən Hersoq Kafr-Kasem qətliamının İsrail tarixinin ən kədərli hadisələrindən biri olduğunu bildirib. Günahsızların bütün siyasi qarşıdurmalardan uzaq tutulması lazım olduğunu vurğulayan prezident “49 qurbanın, onların ailələrinin və Kafr-Kasem sakinlərinin xatirəsi qarşısında baş əyirəm, öz adımdan və İsaril dövləti adından bağışlanma diləyirəm" ifadələrini işlədib.
Kafr-Kasem qətliamı nə vaxt baş verib?
Qətliam əmrini verən komandir 1 qəpik cərimə ilə sərbəst buraxıldığı üçün "Bir Qəpik" olaraq da tanınan Kafr-Kasem qətliamı 29 oktyabr 1956-cı ildə eyni adlı Fələstin kəndində baş verib.
Hadisədən əvvəl İsrail öz sərhədlərində və İordaniya sərhədinə bitişik Fələstin kəndlərində saat 17:00-06:00 arasında komendant saatı elan edib. Bölgədəki İsrail komandiri İşar Şadmi qadağanın qətiyyətlə tətbiq edilməsini və əksinə hərəkət edənlərə atəş açılmasını əmr edib. Komendant saatının başlamasına cəmi yarım saat qalmış məsələdən xəbərdar olan kənd muxtarı İsrail hakimiyyətinə kəndin kənarında qadağadan xəbərsiz 400-ə yaxın adamın işlədiyini və onlara məlumat vermək üçün yarım saatın kifayət etməyəcəyini bildirib. İsrail hakimiyyət orqanları kəndə qayıdanlara heç nə edilməyəcəyinə dair söz versə də, bu vəd yerinə yetirilmədi və 1956-cı il oktyabrın 29-da kəndin girişində 43 nəfər öldürüldü. İsrail qüvvələri hadisədə 23-ü uşaq olmaqla 48 nəfəri qətlə yetirib. Bəzi mənbələrdə həyatını itirən qadınlardan birinin hamilə olması səbəbindən ölənlərin sayının 49 olduğu da bildirilir.
Qeyd edək ki, 2007-ci ildə keçmiş İsrail prezidenti Şimon Peres də qətliama görə üzr istəyib.

DİGƏR XƏBƏRLƏR

Top