Uçot faiz dərəcəsi niyə artırıldı: Dollar bahalana bilərmi? - ANALİZ


Mərkəzi Bankın qərarı ilə uçot faiz dərəcəsi bu gün 6,5%-dən 7%-ə qaldırılıb.
Bildiyimiz kimi, uçot dərəcəsinin qaldırılmasında əsas məqsədlərdən biri  inflyasiya səviyyəsini nizamlamaqdan (indiki halda aşağı salmaqdan) ibarətdir.
Bu ilin ilk 9 ayında Azərbaycanda istehlak qiymətləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2%, o cümlədən ərzaq məhsullarının qiyməti 6% artıb.
Qeyd edək ki, bu, son 4 ildə qeydə alınan ən yüksək göstəricidir.
Uçot dərəcəsinin qaldırılmasının inflyasiya səviyyəsini aşağı salacağı nəzəri baxımdan mümkündür və bunun belə olduğunu heç kim inkar etmir.
Avropa ölkələrinin əksəriyyətində də Mərkəzi Banklar uçot faiz dərəcəsini məhz inflyasiya səviyyəsini idarə etmək üçün dəyişdirirlər.
Qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 7 min manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.
Ancaq Azərbaycan təcrübəsinə baxdığımız zaman bunun belə olmadığını görürük.  Ölkəmizdə uçot dərəcəsinin qaldırılması əvvəlki illərdə də baş verib.
Xatırlayırsınızsa, 2006-2008 -ci illərdə uçot dərəcəsi 9,5%-dən 15%-ə qədər qaldırılıb. Həmin illərdə uçot faiz dərəcəsi kifayət qədər yüksək olsa da artan inflyasiya səviyyəsinin qarşısını ala bilməyib. 2006-cı ildə ölkədə inflyasiya 8,3% səviyyəsində olduğu halda, 2007-ci ildə 16,7%, 2008-ci ildə isə 20,8% səviyyəsinə yüksəlib.
Qeyd edək ki, bunlar Mərkəzi Bank tərəfindən açıqlanan rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlərdə inflyasiyanın 2006-2008 -ci illərdə daha yüksək olduğu bildirilir.
Bu baxımdan uçot dərəcəsinin bu gün cəmi 0,5 faiz bəndi qaldırlmasının inflyasiya ilə mübarizədə təsirli olacağı inandırıcı görsənmir. Yuxarıda qeyd etdiyim kimi, bunu keçmiş təcrübədən də görmək mümkündür.
 Tarix Uçot dərəcəsi İnflyasiya      
2006 9,5% 8,3 %
2007 12% - 13% 16,7 %
2008 14% - 8% 20,8 %
2009 5% - 2% 1,5 %
2010 3% 5,7 %
2011 5% - 5,25% 7,9 %
2012 5% 1,1 %
2013 4,75% 2,4 %
2014 4,25% - 3,5% 1,4%
2015 3% 4 %
2016 5% - 15% 12,4 %
2017 15% 12,9 %
2018 13 % - 9,75% 2,3 %
2019 9,25% - 7,5% 2,6 %
2020 7,2% - 6,25% 2,8 %
2021 yanvar-sentyabr 6,5% 5,2 %

Belə olan halda sual verilə bilər ki, uçot faiz dərəcəsinin qaldırılması inflyasiyaya niyə təsir etmir? Axı, uçot faiz dərəcəsinin əsas vəzifəsindən biri inflyasiya səviyyəsini idarə etməkdən ibarətdir. Bunun belə olduğunu Mərkəzi Bank da bəyan edir.
Ancaq qeyd etdiyim kimi, ötən illərin statistikası bunun belə olmadığını göstərir.
Bu isə onu göstərir ki, ölkəmizdə qiymətlər bazar münasibətləri, yəni tələb-təklif əsasında formalaşmır. Ölkəyə idxal olunan məhsulların böyük əksəriyyəti barmaqla sayılacaq qədər şirkətlərin əlindədir. Bu ölkədə neçə siqaret idxalçısı var? Neçə banan idxalçısı var? Vətəndaş ölkəyə 10 kiloqramdan artıq ərzaq gətirə bilmirsə, o zaman bazarda qiymətləri kim təyin eləyəcək?
Mərkəzi Bank uçot faiz dərəcəsini nə qədər qaldırırsa-qaldırsın qiymətləri nizamlaya bilməyəcək. Azad bazar iqtisadiyyatının, azad rəqabət mühitinin olmadığı yerdə uçot faiz dərəcəsilə inflyasiyanı tənzimləmək mümkün deyil.  
Bəs, Mərkəzi Bank uçot faiz dərəcəsini niyə artırdı?
Uçot faiz dərəcəsinin artırılmasının arxasında duran əsas məqsəd isə heç şübhəsiz ki, manatın dollar qarşısında zəifləməsinin qarşısını almaqdır. 
Bildiyimiz kimi, son günlər ölkədə dollara tələbat kəskin şəkildə artmağa başlayıb. Təkcə son bir həftə ərzində dollara tələbat 74% artıb. Dünən keçirilən sonuncu valyuta hərracda Mərkəzi Bank (Neft Fondu ilə birgə) 88 milyon dollar satıb. Bu həm də 14 yanvar tarixindən sonra qeydə alınan ən yüksək göstəricidir. Belə görünür ki, Mərkəzi Bank uçot dərəcəsini qaldıraraq manat qıtlığı yaratmağa və bununla da dollar alışını azaltmağa çalışır. 2015-ci il devalvasiyasından sonra da bənzər addımlar atılıb.

Amma indiki halda uçot dərəcəsinin 0,5 faiz bəndi artırılması bunun üçün yetərli olmayacaq. Ehtimal etmək olar ki, yaxın günlərdə Mərkəzi Bank uçot faiz dərəcəsini yenidən artıracaq.

A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top