““Kəfən pulu”na görə dindar oğlumu sərxoş kimi qələmə verirlər” - AÇIQLAMA


Ötən il mayın 15-də “Azərişıq” ASC-nin Sabunçu şöbəsinin montyoru Abbaslı Elməddin Zəyyad oğlu xidmətdə olarkən vəfat edib. Elektrik cərəyanı vurması nəticəsində ölən mərhumun ailəsi isə hələ də ekspertizanın rəyindən narazıdır. 
Yeniavaz.com
"qafqazinfo"ya istinadla xəbər verir ki, E.Abbaslının anası Rəsmiyyə Balakişiyeva məhkəmə-tibbi ekspertizasının həmin il iyulun 4-də verdiyi rəyə görə, oğlunun meyitindən götürülmüş qanda 1,1 faiz qatılığında etil spirtinin aşkar edildiyini bildirib.
Ailə üzvləri isə onun dindar, namazqılan olduğunu, heç vaxt spirtli içki qəbul etmədiyini deyirlər. Onlar Elməddin Abbaslının hadisədən bir həftə əvvəl orucluq ayı ilə əlaqədar iftar süfrəsi açdığını da bildiriblər.
Bundan sonra işi aparan Sabunçu Rayon Prokurorluğunda şübhə yarandığı üçün təkrar ekspertiza təyin edilib. Məhkəmə-kimyəvi tədqiqatını aparmış ekspert-kimyaçı istintaqa izahat verərək bildirib ki, qan ona spirt flakonunda göndərilib və flakon tam təmizlənmədiyi halda bu miqdarda spirtin tapılması mümkündür.
Qeyd olunanlara baxmayaraq, təhqiqat komissiyasının qərarında Abbaslı Elməddin Zəyyad oğlunun baş vermiş hadisə zamanı “sərxoş” olması göstərilib.
R.Balakişiyeva iddia edir ki, tibb mütəxəssisləri və Əmək Müfəttişliyinin vəzifəli şəxsləri qəsdən bu formada qərar çıxarıb işi uzadırlar: “Ölən oğlumun “kəfən pulu”nu verməmək üçün dindar, namazqılan bir insanı yalandan sərxoş kimi qələmə verirlər. Bununla da mərhum oğlumu və bizi, onun ailə üzvlərini təhqir edirlər. Təkrar təhqiqat aparılması üçün dəfələrlə etdiyimiz müraciətlərə baxılmır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, yaradılmış komissiya tərəfindən E.Abbaslının ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılıb: “Onun qanında 1,1‰ qatılığında etil spirti aşkar edildiyindən təhqiqat komissiyası ölümün istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməməsi və uçota alınmaması barədə rəy verib”.

DİGƏR XƏBƏRLƏR

Top