Bu gün 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş dəhşətli yanğından 26 il ötür.
Yeniavaz.com rəsmi mənbələrə istinadla xəbər verir ki, "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində baş verən yanğın nəticəsində 289 nəfər həlak olub. Bunlardan 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Sözügedən qəzada 270 nəfər isə yaralanmışdır.
Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşmüşdür.