Ev əşyalarını balkondan atan qadınla bağlı nazirlik məlumat yaydı - VİDEO - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində Abşeron Gənclər Şəhərciyinin ərazisindəki çoxmərtəbəli binada 1 nəfərin intihara təşəbbüs etməsi barədə məlumat daxil olub.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, hadisə ilə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bina sakinlərindən biri ictimai əsayişi pozaraq (ev əşyalarını eyvandan atmaqla) insanların həyat və sağlamlığı üçün təhlükə törətməklə yanaşı, intihara təşəbbüs niyyətini nümayiş etdirir.

Xilasedicilərdən bir neçəsi intihara cəhd edən şəxsin diqqətini yayındırmaq məqsədilə onunla ünsiyyət qurmağa müvəffəq olub, həmin vaxt qalan xilasedicilər tərəfindən xilasetmə və digər zəruri tədbirlər, o cümlədən təhlükəsizlik çadırının çəkilməsi təmin edilib. Ətrafda olan insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan sonra, xilasedicilər mənzilin qapısını açıb polis əməkdaşlarının içəri daxil olmasına şərait yaradıblar. Vətəndaş polis əməkdaşları tərəfindən saxlanılaraq zərərsizləşdirilib.


***21:32

Abşeron Gənclər Şəhərciyində əşyaları binadan həyətə atan qadının ruhi xəstəlikdən əziyyət çəkdiyi iddia olunur.

Yeniavaz.com verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "facebook"hesabında məsələ barədə paylaşım edib.

“Ev əşyalarını eyvandan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.

Hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır. Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb.

Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb”, - o bildirib.


***19:50
Abşeronda qadın evdəki əşyaları eyvandan həyətə atır.

Yeniavaz.com xəbər verir ki, hadisə Abşeron Gənclər şəhərciyində baş verib. 

Məlumata görə, çoxmərtəbəli binada yaşayan qadın evdəki əşyaları küçəyə ataraq binanın yaxınlığından keçən şəxslər üçün təhlükə törədib. 

Əraziyə aidiyyəti üzrə polis əməkdaşları çağrılıb. İlkin məlumatlara görə, qadının ciddi psixi problemləri var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti açıqlama verərək bildirilib ki, sözügedən ərazidə baş verən hadisə ilə bağlı hüquqi tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top