DİN: "Bəzi dələduz və fırıldaqçılar qazilərin nüfuzundan sui-istifadə edirlər"


Xəbər verdiyimiz kimi, dünən – oktyabrın 26-da Vətən müharibəsi iştirakçısı olan bir qrup şəxs onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı xəbərdarlığa etiraz əlaməti olaraq paytaxtın Ziya Bünyadov prospektini bağlamağa cəhd edib. Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşlarının yolu bağlayan qazilərə qarşı güc tətbiq etmələri və onlarla kobud rəftara yol vermələri barədə sosial şəbəkələrdə iddialar səsləndirilir.
Məsələ ilə bağlı, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Yeniavaz.com-a açıqlama verib və bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
"Qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. Bununla belə hər bir kəs, o cümlədən, hamımızın fəxri olan qazilər bilməlidirlər ki, üzləşdikləri hər hansısa bir problemlə əlaqədar yol bağlamaq, nəqliyyatın hərəkətinə mane olmaq və bununla da vətəndaşlarımızın rahatlığını pozmaq yolverilməzdir. Problemin həllinin yeganə yolu yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməkdir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında hər zaman qazilərimizə diqqət və qayğı ilə yanaşıblar. Lakin təəssüflər olsun ki, bəzi dələduz və fırıldaqçı şəxslər öz qanunazidd əməllərini həyata keçirmək üçün onların nüfuzundan sui-istifadə edirlər. Ona görə də, Vətən Müharibəsinin iştirakçısı olan qəhrəmanlarımızı kimlərinsə diqtəsinə və ya verdikləri yalan vədlərinə uyub belə qanunsuz hərəkətlərdən çəkinmələrini xahiş edirik. Torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində böyük qələbə qazanmış qəhrəman övladlarımızı müqəddəs qazi adını hər zaman uca tutmağa, üzləşdikləri hər hansı problemlə əlaqədar təmkinli olmağa çağırırıq və inanırıq ki, onların hər bir hərəkəti, davranışı vətəndaşlarımız üçün nümunə olacaq".

DİGƏR XƏBƏRLƏR

Top