"Başımız müharibəyə qarışdı, pəncərəmizlə üzbəüz restoran tikdilər" – Sumqayıt ŞİH-dən AÇIQLAMA + FOTOLAR


Sumqayıt şəhərində yaşayış binasının yaxınlığında restoran tikilir.
Bu barədə Yeniavaz.com-a müraciət edən şəhərin 45-ci məhəllə, bina 11/13-də yaşayan sakinləri bildirirlər ki, yaşıllığı məhv edərək tikilən restoranın pəncərələri onların evlərinin pəncərələri ilə üzbəüzdür:
“Binamızın arxasından 10 metr aralıda balaca bir restoran var idi. Keçən il Vətən Müharibəsi başlayanda bu restoranın sol tərəfini tikdilər. Başda Prezident olmaqla, camaatın başı müharibəyə qarışdı, burada da restoranın tikildi. Bu il də yenə eyni vaxtda, camaatın başı qarışıb Zəfər bayramına hazırlaşmağa, bunlar tikintini davam edirlər. Biz gedib müraciət etdik, xahiş elədik ki, açıqlama versinlər. Bildirdik ki, arxa tərəfə qapı, pəncərə düşməsin. Bizə söz verdilər ki, heç bir problem yoxdur. Həm də bura yaşıllıq idi, əksəriyyətini yox elədilər, gecə ağacları kəsib, yerini betonladılar. Bir də gördük ki, restoran bina ilə 5 metr məsafədədir. Pəncərəmizlə üzbəüz restoranın pəncərəsi açılır. O gün binamızda yanğın baş vermişdi, yanğın söndürən maşınlar həmin yerə girə bilmədi. Sabah restoranda yanğın olsa, bizim bina da yanacaq. Qanuna görə belə iş olmaz. Biz ölkə başçısına, Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ərizəsi hazırlamışıq. Xahiş edirik, bu işə nəzarət edilsin”.
Bina sakinlərinin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:










Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirildi ki, sözügedən qeyri-yaşayış obyekti dövlət reyesterində qeydiyyatdan keçib: "Mövcud obyektin yararsız olduğunu nəzərə alaraq sahibkar qismən bərpa və rekonstruksiya işləri aparır".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top