Gəncədə şəhid anasının intihara cəhd etməsi barədə yayılan xəbərlərə açıqlama + FOTO - YENİLƏNİB


Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən xəbərə görə, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. 

“Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. Vüsalə Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. Vüsalə Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.

Əlavə olaraq bildiririk ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınmışdır. Vüsalə Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kirayəsinin ödənilməsi üçün maddi yardım göstərilmiş, ərzaq yardımı edilmiş, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilmişdir. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilmişdir.

Kütləvi informasiya vasitələri nümayəndələri və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələri xahiş olunur”,- deyə İcra Hakimiyyətindən bildirilib.


***18:29

Gəncə şəhərində intihara cəhd hadisəsi olub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Məmmədova Vüsalə Gülbala qızı bu gün müxtəlif dərman vasitələri içərək intihara cəhd edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin kafi olduğu bildirilib. 

Faktı hüquq-mühafizə orqanlarından təsdiq ediblər. Məsələ ilə bağlı araşdırma aparıldığı deyilib. 

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Vüsalə Məmmədova Vətən müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anasıdır. 

DİGƏR XƏBƏRLƏR

Top