Sumqayıtda avtobus kartlarındakı problem davam edir: Sürücü ilə sərnişin arasında mübahisə – VİDEO


Sumqayıt şəhərində fəaliyyət göstərən marşrutlardakı kart problemi hələ də davam edir.
Yeniavaz.com
xəbər verir ki, mətbuatda və sosial şəbəkələrdə mövcud problemlə bağlı dəfələrlə narazılıqlar bildirilsə də, nasazlıq həll edilməyib.
Belə ki, sərnişinlər kartlarına pul yükləyir, amma həmin puldan istifadə edə bilmirlər. Həmin kartlarla marşrutda ödəniş etmək mümkün olmur. Buna görə də avtobus sürücüləri ilə sərnişinlər arasında mübahisə baş verir.
Sumqayıt şəhərində yaşayan vətəndaş redaksiyamıza video göndərib.
Görüntülərdə sərnişinin kartla ödəniş etmədiyini əsas gətirən sürücünün avtobusu sürmədiyi görünür.
Sürücü kartla ödənişin keçərli olmadığını, sərnişin isə karta pul yüklədiyini deyir. Nəticədə isə mübahisə başlayır.
Həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, sistem yeni yaradılıb: “Hazırda həmin sistemin üzərində iş gedir. Müəyyən texniki problem yaranır”.
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov isə Yeniavaz.com-a bildirdi ki, nə lazımdır, hər şey alınır, nasazlıqla bağlı aparatlar gətirilib: “O boyda iş görmüşük, problem 5 günə həll olunmur ki?! Nə lazımdır edirik. Yarım milyonluq şəhərdir, 200 mindən yuxarı kart paylanıb”.
T.Saydumov bildirdi ki, kartlara pulun gec yüklənməsi "MilliÖn"lə bağlıdır: ""MilliÖn" aparatlarında problem var. Bundan başqa sərnişinlər kartlarda minimum 30-40 qəpik balans saxlamalıdırlar ki, karta stop qoyulmasın. Ortaya çıxan nə problem olarsa, həll edirik. 28 gündür işə başlamışıq, əvvəlki günlərdə evə gedə bilmirdik, indi işlər düzəlib”.
"MilliÖn"dən Sumqayıt Nəqliyyat kartlarına ödənişin gec yüklənməsi ilə bağlı bildirildi ki, əgər ödəniş zamanı “irəli” əvəzinə “əvvəl”ə toxunulursa və yaxud ödəniş zamanı aparatın özündə yaranmış bir çətinlik olursa, onda ehtimal var ki, karta bir qədər sonra pul yüklənsin: “Yox, əgər bütün ödənişi düzgün etmisinizsə, təsdiqləmisinizsə, qəbzi götürüb getmisinizsə, bu o deməkdir ki, vəsait avtomatik olaraq dərhal keçirilib. Artıq balansınıza gec yüklənirsə, bu "PAŞA Bank"ın özünə aid problemdir. Çünki, Sumqayıt Nəqliyyat kartlarının ödənişləri ilə bağlı "PAŞA Bank" məşğul olur. Onlara müraciət edilməlidir”.
Xatırladaq ki, bu il sentyabrın 28-dən Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə başlanılıb. Sərnişinlər kartları avtobus sürücülərindən əldə edirlər. Kartın qiyməti isə 2 manatdır.​​

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top