"Gözümüz baxa-baxa atamı öldürürlər" - Eldar Həsənovun qızı prezidentə müraciət etdi


Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com
xəbər verir ki, sabiq səfirin qızı Səbinə Hüseynova bugünkü məhkəmə iclası barədə sosial şəbəkələrdə yazıb və o atasının iclasın sonunda huşunu itirərək yerə yıxıldığını bildirib. S. Hüseynova atasının günahsız olduğunu bildirib və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:
"Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun növbəti məhkəməsi keçirildi. Məhkəmə həmişəki kimi, axşam saat 18.00-da yekunlaşdı. Hamı getmək üçün ayağa qalxdı və mən eşitdiyim gurultudan dəhşətə gəldim. Səsə tərəf geri dönəndə atamı yerə yıxılmış gördüm. Atam yenə huşunu itirərək yerə yıxılmışdı. Hərəkətsiz idi. Əvvəl elə bildim... dilimə gətirmək istəmirəm ağlıma gələni...
Var gücümlə qışqırırdım, ağlayırdım, kömək istəyirdim. Səsimə tökülüşüb gəldilər. Atamı xərəyə qoyub apardılar. İndi vəziyyəti necədir, bilmirəm. Özünə gəldimi, həkimlər ilk yardım etdilərmi, bilmirəm.
Var gücümlə, səsim gəldikcə qışqırmaq, haray salmaq istəyirəm. Heç vaxt özümü bu qədər köməksiz, zəif, gücsüz hiss etməmişəm. Bizdən nə istəyirlər, atamdan nə istəyirlər? Dəfələrlə deyilib ki, səhhəti ağırdır, təcili müalicə olunmalıdır, təxirəsalınmaz cərrahi əməliyyatlara zərurət var. Niyə səsimizi eşitmirsiniz? Aylardır yalvarırıq, xahiş edirik ki, atamı ev dustaqlığına buraxın. Aylardır yalvarır, xahiş edirik ki, stasionar müalicə alması üçün xəstəxanalardan birinə yerləşdirin. DTX hərbi hospitalına (Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi) aparılır, müayinə olunub təcridxanaya qaytarılır. Axı müayinədən əlavə, müalicəyə də ehtiyacı var bu insanın. Öldürməkmi istəyirsiniz? Ölməyinimi gözləyirsiniz?
Baş Prokurorluq məlumat yayır ki, Eldar Həsənovun heç bir xəstəliyi yoxdur. Xəstəliyi yoxdursa, niyə özündən gedir, niyə təzyiqi 220-240-a yüksəlir? Axı bu təzyiqi ölçən sizin həkimlərdir, biz deyilik! Axı müayinə edərək xəstəlikləri müəyyənləşdirən sizin həkimlərdir. Paroksizmal vertiqo xəstəliyi onda məhz həbsdə olduğu müddətdə yaranıb. Nə edək, dərdimizi, problemimizi kimə danışaq? Bu qədər qəddarlıq, laqeydlik, ədalətsizlik olar? 67 yaşlı xəstə bir adamdan nə istəyirsiniz? Biz yorulduq, siz yorulmadınızmı?
Mən çox yoruldum. Müraciət etmədiyim, döymədiyim qapı qalmadı. Hər gün məktub yazdım, teleqram göndərdim. Bir dəfə mənə geri dönmədilər. Dərdin nədir deyə, maraqlanmadılar. Ziyalıların, təsəvvür edin, 300 nəfər ziyalının müraciətinə belə məhəl qoyulmur. Milli qəhrəman, şəhid ailələrinin müraciətinə əhəmiyyət verilmir. Qardaşım Anar deyir ki, mən məktub yazım, Cənab Prezident mütləq reaksiya verər. Çox inanır...
Nə olar, bir dəfə, bircə dəfə atamı dinləyin, onunla danışın, adam günahsız, suçsuz olduğunu bar-bar bağırır. Bəlkə bircə dəfə özüylə söhbət etsəniz, anlayarsınız ki, haqlıdır, günahsızdır, şərə-böhtana düşüb. Mənim atam da bir ziyalıdır, alimdir, diplomatdır. Onunla qatı cinayətkarla rəftar edirmiş kimi niyə davranırsınız? Xalq düşməni deyil mənim atam! Bu xalqı, bu dövləti canından artıq sevən bir azərbaycanlıdır. Dövlət başçısına sayğısını, sevgisini, fədakarlığını, sədaqətini əminəm ki, onu tanıyan hər kəs bilir.
Möhtərəm Cənab Prezident! Əziz Mehriban xanım!
Atamın huşunu itirmələri, özündən gedib yıxılmaları bir gün son ola bilər. Sonuncu ola bilər. Biz atamı itirə bilərik. Onun səhhəti çox ağırdır. Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin, atamın həyatda qalıb-qalmaması sizlərdən asılıdır. Çox rica edirəm, bizə kömək edin, ədaləti bərpa edin...".
Xatırladaq ki, aparılan istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, E.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top